Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev Almaniyaya səfəri çərçivəsində ölkəsinin Rusiya ilə 7 min kilometrdən uzun sərhədinin olduğunu vurğulayıb. Tokayev bildirib ki, bu, dünyanın ən böyük düz xətt sərhədlərindən biridir.
Onun sözlərinə görə Qazaxıstanda 2 milyona yaxın etnik rus və böyük rusdilli icma yaşayır, ölkəyə sabitlik lazımdır.
Qazaxıstan liderinin bu açıqlamasının məqsədi nədir? Almaniyada niyə Rusiya ilə əlaqələrə diqqət çəkib?
Globalinfo.az-a danışan politoloq Oktay Qasımov deyib ki, Qazaxıstan prezidentinin bu açıqlaması vacibdir:
“Rusiya ilə Qazaxıstan arasında həqiqətən uzun bir sərhəd var və bu, rəsmi Astanaya kifayət qədər həssas bir durum yaradır. Nəzərə almaq lazımdır ki, Qazaxıstanda etnik ruslar yaşayır. Bu da ölkədə prosesləri qarışdıracaq əsas daxili faktordur.

Oqtay Qasımov
Qazaxıstan müstəqillik qazanmasından bu yana olduqca incə və dəqiq addımlar atır. Çalışır ki, bu addımlar daxili qarşıdurmaya gətirib çıxarmasın. Qazaxıstan üçün daxili sabitlik çox vacibdir. Bir neçə il öncə bu ölkədə ciddi daxili etirazların şahidi olmuşduq. Qazaxıstan böyük bir ölkədir, buna görə də böyük güclərin daim diqqətindədir. Daxildə sabitliyin qorunması və xarici müdaxilə ehtimallarının minimuma endirilməsi başlıca prioritetdir.
Rusiya, təəssüf ki, Qazaxıstanı özünün arxa bağçası və təsir zonası hesab edir. Buna görə də heç bir halda digər güclərin regiona girməsini qəbul edə bilmir. O baxımdan, Moskva Tokayevin qeyd etdiyi faktorundan daim Qazaxıstana təzyiq etmək üçün istifadə edir”.
Turan Rzayev
Globalinfo.az