Tural Abbaslının xanımı deputatın fikirlərinə etiraz etdi

Milli Məclisin deputatı Aqil Abbas xəstəxanalarda yaranan dözülməz növbələr haqda saytımıza fikir bildirərkən deyib ki, Bakı şəhərində yerləşən xəstəxanalarda pasientlərin çox olmasına səbəb rayonlarda yetərincə yaxşı həkimin olmamasıdır.

Aqil Abbasın şərhinə cavab olaraq Globalinfo.az-a Səhiyyə İqtisadiyyatı və idarəetməsi üzrə mütəxəssis, AĞ Partiya idarə heyətinin üzvü Nərmin Abbaslı deputatın fikri ilə qəti razı olmadığını bildirib.

Onun sözlərinə görə, insanların sağlamlığı təkcə tibb elimindən, yaxşı həkimlərdən asılı deyil:

“Yaxşı həkimlər və keyfiyyətli tibbi xidmətlər insanlar arasında vasitə olmalıdır. Bunun adı səhiyyə sistemidir. Səhiyyə xidmətləri Azərbaycanda normal təşkil oluna bilmədiyindən, insanlar üçün keyfiyyətli tibbi xidmətlər əlçatan deyil. Nə qədər ki, ölkədə səhiyyə iqtisadiyyatı və onun idarə olunması göz ardı ediləcək, bu sahədə ixtisaslaşmış, təhsil almış kadrlar kənarda qalacaq, onların fikirləri soruşulmayacaq. Nə qədər ki, ölkədə “Semaşko” sistemi olacaq, heç bir irəliləyiş də olmayacaq.

Aqil bəy yaxşı olardı ki, dərinliyini və ya elmini bilmədiyi sahələr üzrə belə açıqlamalar verməsin. O, yəqin düşünür ki, yaxşı həkim olanda bütün problemlər çözülür?!”

N.Abbaslı bildirib ki, səhiyyənin əlçatan olması üçün yaxşı səhiyyə sistemi olmalıdır:

“Bir xəstəxananın idarə olunması və ya insanların sağalması üçün yaxşı həkimin olması işin 50 faizidir. İnsanların yüksək səviyyədə səhiyyə xidməti görməsi və səhiyyənin hər kəsə əl çatan ola bilməsi üçün ilk növbədə yaxşı həkim yox, yaxşı səhiyyə sistemi formalaşdırılmalıdır. Bunu təşkil etmək isə bilavasitə Səhiyyə Nazirliyinin, TƏBİB-in, farm bazarlarının və sığorta şirkətlərinin qarşılıqlı əlaqəsi nəticəsində olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az