Tural Abbaslı tənqidlərə cavab verdi: “Ona görə getdim ki…”

“Sivil ölkələrin hansında görünüb ki, iqtidarla müxalifət eyni tədbirdə olmasın?! Bütün normal ölkələrdə baş verən hadisə Azərbaycanda yaşananda bəziləri bunun alt qatında başqa niyyət axtarırlar. Bu necə bayağı yanaşma tərzidir axı?!”

Bu sözləri Globalinfo.az-a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etdiyi üçün tənqid edilməsi haqda danışarkən deyib.

O bildirib ki, sivil ölkələrin hamısında partiyalar biri-birilərinin tədbirlərində iştirak edir və bu, normal qəbul olunur:

“Sabah qarşı partiyadan birinin atası rəhmətə gedəndə, digəri də ona başsağlığı verəndə başlayacaqlar “xain” damğası vurmağa. Bu, nə bizim adət-ənənəmizə, nə mentalitetimizə, nə də sivil qaydalara uyğundur. Belə məsələlər cılız, əsası olmayan siyasi ittihamlardır və təbii ki, biz belə şeyləri ciddiyə almırıq. Bu gün onlar dəvət edib biz getmişik, sabah da biz dəvət edəcəyik, onlar gələcəklər. AMİP-in 30 illik tədbirinə YAP-ın rəhbəri kimi Tahir Budaqov özü gəlib iştirak etmişdi. Məncə, bu işlər belə də olmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az