ABŞ prezidenti Donald Trampın Braziliya lideri Luiz İnasio Lula da Silva ilə bağlı zarafatı gündəm yaradıb. ABŞ liderinin həmkarına zarafatla “səni sevirəm” dediyi iddia olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN”l telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, liderlər ötən həftə Lula da Silvanın Vaşinqtona səfərinin gündəliyini razılaşdırmaq üçün telefon danışığı aparıblar. Söhbət zamanı Tramp Braziliya prezidentinə hörmətlə yanaşdığını bildirib. Mənbələrin iddiasına əsasən, ABŞ lideri danışığın sonunda “I love you” (Səni sevirəm – red) ifadəsini işlədib.
Bununla yanaşı, Braziliya prezidenti daha əvvəl Trampla şəxsi münasibətlərini şərh edərkən ölkəsinin milli suverenliyini qətiyyətlə müdafiə edəcəyini və ABŞ-ın təzyiqlərinə boyun əyməyəcəyini vurğulayıb. Liderlərin 2025-ci ildə Malayziyada keçirilən son görüşündən sonra Lula da Silva “80 yaşlı kişilər arasında zarafata yer yoxdur” demişdi.
O, həmçinin bir neçə dəfə Tramp administrasiyasının xarici siyasət kursunu tənqid edib və ABŞ prezidentinin daha çox öz ölkəsinin daxili problemləri ilə məşğul olmasının vacibliyini dilə gətirib.
Əliyar Xəlil