“Ermənistanla bağlı baş verən bu tarixi hadisə ilk baxışdan bir ölkənin əsas qanununun yenilənməsi təşəbbüsü kimi görünsə də, əslində, bu, sadəcə Konstitusiyanın dəyişdirilməsini ehtiva etmir. Bu, bir dövlətin öz baxışlarını sıfırdan müəyyənləşdirməsi, siyasi və fəlsəfi düşüncəsinin dəyişməsi, milli dövlətçilik konsepsiyasının və xarici siyasət prioritetlərinin yenidən müəyyənləşdirilməsi deməkdir”.
Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, bundan sonra dövlət quruculuğunun hansı ideoloji əsaslar üzərində formalaşdırılacağı, region dövlətləri ilə münasibətlərdə hansı yolun seçiləcəyi, hansı siyasi prinsiplərə əsaslanılacağı və bir dövlətin təməl sütunlarının münaqişə üzərində deyil, sağlam siyasi təfəkkür əsasında nə dərəcədə düzgün qurula biləcəyi məsələsi gündəmə gəlir:
“Azərbaycan üçün bunun əhəmiyyəti bəllidir. Ermənistan Konstitusiyasında ölkəmizə qarşı nəzərdə tutulan ərazi iddialarının aradan qaldırılması iki dövlət arasında münasibətlərin hüquqi-siyasi əsaslarının möhkəmləndirilməsi, gələcəkdə hər hansı qüsurun, maneənin, potensial risk və təhdidin mövcud olmaması baxımından mühüm əhəmiyyət daşıyır.
Ermənistanın Müstəqillik Bəyannaməsi onun müasir dövlətçilik ideologiyasının formalaşmasında mühüm sənəddir. Lakin bu, iltihablı, problemli məzmun daşıyan bir sənəddir. Burada Azərbaycanın tarixi və əzəli torpaqlarına qarşı ərazi iddiaları siyasi və hüquqi baxımdan əsaslandırılmağa çalışılıb. Bu, yanlış yanaşmadır və həmin yanlışlıq aradan qaldırılmalıdır.
Beləliklə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hər hansı tarixi və ya siyasi deklarasiya səviyyəsində qalmamış, konstitusion çərçivədə də öz əksini tapmışdı. Məhz etirazımız da bununla bağlıdır. Bir tərəfdən Ermənistan bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, digər tərəfdən isə öz Konstitusiyasında tamamilə fərqli siyasi-hüquqi istinadlar mövcuddur”.
Politoloq bildirib ki, Konstitusiya layihəsinin müzakirəyə çıxarılması onun qəbul edilməsi demək deyil:
“Lakin ictimai müzakirəyə çıxarılmasının özü belə böyük tarixi hadisədir. “Erməni xalqı” ifadəsinin çıxarılması isə ikinci bir şok effekti yaratdı. Çünki layihədə nəzərdə tutulan digər dəyişikliklərlə yanaşı, bu terminoloji dəyişiklik də cəmiyyət üçün kifayət qədər yenidir.
Düşünürəm ki, “erməni xalqı” dediyimiz zaman burada etnik-milli kimliyi və tarixi dövlətçilik ənənəsini ön plana çıxaran bir anlayışı görürük. “Ermənistan Respublikasının xalqı” dediyimiz zaman isə dövlətin suverenliyinin daşıyıcısı kimi ölkənin siyasi və vətəndaş birliyini ifadə edən bir anlayışla qarşılaşırıq.
Yəni, əvvəl etnik-milli identiklik üzərində qurulan siyasi vurğu var idi. İndi isə bu siyasi vurğunun ərazi və vətəndaşlıq prinsipinə əsaslanan dövlətçilik modelinə çevrildiyini görürük.
Məsələn, keçmiş müxalif deputatlardan Tiqran Abramyan “Hraparak” nəşrində dərc olunan mövqeyində bu dəyişikliyi Ermənistanın milli dövlətçilik modelindən uzaqlaşması kimi təqdim edir. Təbii ki, müxalifətin məqsədi də bəllidir. Cəmiyyətə fərqli izah verməklə layihəyə kölgə salmaq, prosesin qarşısını almaq və bunu özlərinin də qeyd etdiyi kimi, ölkənin milli və demoqrafik simasına təsir göstərə biləcək amil kimi təqdim etmək.
Lakin düşünürəm ki, “erməni xalqı” ifadəsinin preambuladan çıxarılması nə erməni etnosunun, nə onun dilinin, nə də milli kimliyinin hüquqi baxımdan ləğvi kimi başa düşülməlidir. Burada söhbət dövlət hakimiyyətinin və suverenliyin konstitusion subyektinin necə ifadə olunmasından gedir”.

Şəbnəm Həsənova
Ekspert hesab edir ki, məhz bu məqamda məsələnin siyasi mahiyyətinin daha dərin olduğunu görürük:
“Çünki Ermənistan uzun illər dövlətçilik konsepsiyasını ərazi iddiaları və münaqişə üzərində formalaşdırmışdı. Tarixi iddialar, milli yaddaş və Qarabağ məsələsi yanlış ideoloji təfəkkürün məhsulu idi. Yəni, Ermənistan dövlətçilik konsepsiyasını yalnız mövcud sərhədlər və vətəndaşlıq prinsipləri üzərində qurmaqla kifayətlənməmişdi.
Baş nazir Nikol Paşinyanın mövqeyində isə dövlətçilik anlayışını daha çox beynəlxalq səviyyədə tanınmış ərazi, suverenlik, təhlükəsizlik və sülh prinsipləri üzərində qurmaq cəhdini görürük. Şübhəsiz ki, bu, Ermənistanın yalnız hüquqi sənədində deyil, siyasi düşüncəsində də fundamental konseptual dəyişiklik cəhdidir.
Mən bu prosesi başqa bir aspektdən də dəyərləndirərdim. Zamanında Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyət kimi Azərbaycanı vahid ideologiya ətrafında həmrəy etməyi bacardı. “Azərbaycançılıq” fəlsəfəsi bizim birliyimizin əsası oldu. Hər zaman bu fikri ifadə etmişəm ki, bir dövlətin tarixi şəxsiyyətləri, şəxsiyyəti dediyimiz zaman Ermənistan dövlətinin və onun siyasi-fəlsəfi düşüncəsinin banisi hesab edilə biləcək bir tarixi fiqur belə yoxdur. 1991-ci ildən bu yana, hətta ondan əvvəlki dövrdə də Ermənistan dövlətçiliyinin əsasını qoyan, əsaslı lider kimi qəbul edilən və bu istiqamətdə vahid ideoloji konsepsiya formalaşdıran bir siyasi fiqur olmayıb. Ermənistan bu proseslərə 35 il geridən deyil, sanki əsrlər sonra başlayır.
Mübahisənin isə yalnız Qarabağ və milli kimlik məsələləri ilə məhdudlaşmadığını görürük. Diqqət çəkən dəyişikliklər dövlət və kilsə münasibətləri, iqtisadi model, xarici siyasət, diaspora siyasəti, seçki hüququ və dövlət idarəçiliyi ilə bağlıdır.
Diaspora məsələsi son dərəcə önəmlidir. İndi diqqətin daha çox Ermənistan daxilində yaşayan vətəndaşlara yönəldildiyini görürük. Bu isə ondan xəbər verir ki, həmin dəyişikliklər sadəcə Azərbaycanla münasibətlərə aid deyil, Ermənistanın daxili siyasi və institusional sistemində də müəyyən boşluqlar olub və bu boşluqların doldurulmasına çalışılır.
Düşünürəm ki, bir ölkənin Konstitusiyasını dəyişmək, hüquqi normalarını yeniləmək və yeni dövlətçilik prinsipləri müəyyənləşdirmək mümkündür. Amma ən mühüm məsələ ondan ibarətdir ki, təfəkkürün dəyişməsi və kollektiv yaddaşın yenilənməsi uzunmüddətli prosesdir. Konstitusiya layihəsinin qəbul edilməsi də avtomatik olaraq revanşist düşüncənin aradan qalxması demək deyil. Bunun üçün illər lazımdır.
Amma Qarabağ münaqişəsindən sonrakı reallığı qəbul etmək və ölkənin dövlətçilik konsepsiyasını yeni geosiyasi şəraitə uyğunlaşdırmaq Ermənistan üçün yeganə çıxış yoludur. Gələcək nəsillərə hansı siyasi mirasın ötürüləcəyi vacibdir. Bu miras qarşıdurma zəminindəmi formalaşacaq, yoxsa regional əməkdaşlıq və sülh üzərindəmi qurulacaq? Cavabı “Ermənistan Respublikasının xalqı” verməlidir”.
Turan Rzayev
Globalinfo.az