ABŞ prezidenti Donald Trampın qərarları Avropada uzaqmənzilli raket sistemlərinin çatışmazlığına səbəb ola bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Bildirilir ki, Vaşinqton uzaqmənzilli silahlarla təchiz olunan hərbi kontingentin yerləşdirilməsi planlarından imtina etməyi, eləcə də Almaniyadakı hərbi mövcudluğunu təxminən 5 min nəfər azaltmağı düşünür.
Nəşrin yazdığına görə, siyasətin yenidən qiymətləndirilməsinə Donald Tramp ilə Almaniya kansleri Fridrix Merz arasında İran müharibəsi fonunda yaranan fikir ayrılıqları səbəb olub. Bu gərginlik ABŞ-ın Avropadakı hərbi strategiyasına da təsir göstərib.
Analitiklər xəbərdarlıq edirlər ki, belə addımlar təhlükəsizlik sahəsində ciddi boşluq yarada bilər. Uzaqmənzilli raket sistemləri müdafiə və çəkindirmə baxımından kritik əhəmiyyət daşıyır. Ekspertlərin fikrincə, bu tendensiya ABŞ-ın Avropa üçün əsas təhlükəsizlik təminatçısı rolunun tədricən zəiflədiyini göstərir.
Əlavə narahatlıq doğuran məqam ABŞ-ın Avropadan digər mühüm hərbi imkanlarını çıxarıb-çıxarmayacağı ilə bağlı aydın planın olmamasıdır. Söhbət hava və raketdən müdafiə sistemləri, strateji aviasiya və peyk kəşfiyyatından gedir. Mütəxəssislərə görə, bu qeyri-müəyyənlik Avropa ölkələrinin müdafiə xərclərini və investisiyalarını planlaşdırmasını çətinləşdirir.
Alman rəsmiləri Vaşinqtonun qərarlarının əhəmiyyətini azaltmağa çalışsalar da, Avropanın hərbi dairələri vəziyyəti ciddi siqnal kimi qiymətləndirir. Onların qənaətinə görə, məsələ yalnız Almaniyanın təhlükəsizliyi ilə məhdudlaşmır, bütövlükdə NATO-nun çəkindirmə sisteminə təsir göstərir.
Hazırda Avropa ölkələri öz uzaqmənzilli raket sistemlərini inkişaf etdirməyə çalışır, lakin layihələrin əksəriyyəti hələ ilkin mərhələdədir. Ekspertlər hesab edir ki, mövcud silahların sürətli modernləşdirilməsi müvəqqəti çıxış yolu ola bilər. Buna baxmayaraq, yaxın illərdə Avropanın hərbi imkanlarının məhdud qalacağı gözlənilir.
“Financial Times” daha əvvəl də yazıb ki, Donald Tramp diqqətini getdikcə Yaxın Şərqdəki proseslərə yönəldir və Ukraynadakı müharibə arxa plana keçir. Bu isə Avropa müttəfiqlərini təhlükəsizlik məsələlərində daha çox öz resurslarına arxalanmağa vadar edir.
Əliyar Xəlil