Əksər çıxışlarında İrana qarşı sərt bəyanatlar səsləndirən ABŞ Prezidenti Donald Trampın inaqurasiya mərasimi zamanı bu mövzuya toxunmaması diqqət çəkib.
Ekspertlər bu susqunluğu müxtəlif istiqamətlər üzrə dəyərləndirirlər. Bəzi iddialara görə, Tramp İranın təşvişə düşüb öncədən hazırlıq görməməsi üçün belə bir addım atıb. Sanki Tehrana Ağ Evin onunla bağlı planlarının olmadığını göstərməyə çalışıb.
Lakin Vaşinqtonun İrana yaxın zamanda böyük hücuma hazırlaşdığına dair fikirlər də səsləndirilir.
Tramp rəhbərliyindəki ABŞ hökumətinin Tehranla bağlı planları nələrdir? Qəfil hücum və davamında genişmiqyaslı müharibə gözlənilə bilərmi?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmirəliyev deyib ki, Donald Trampın andiçmə zamanı bu mövzudan söz açmamasına səbəb onun komandası ilə İran Prezidenti Məsud Pezeşkian hökuməti arasında danışıqların daha əvvəldən başlamasıdır:
“Ehtimal ki, Ağ Evin yeni rəhbəri danışıqların yekununu gözləyir və artıq bundan sonra müvafiq addımları atacaq. Tehrana hansısa hücum planı müzakirə mövzusudur. İsrail rəhbərliyi çalışır ki, İrana qarşı quru əməliyyatı həyata keçirilsin və mövcud rejim dəyişdirilsin. Ancaq ABŞ rəhbərliyi bunu arzulamır. Çünki indiki halda İrana müdaxilənin mənfi nəticələri çox ola bilər.
Gözlənilən hücum əməliyyatı ABŞ-ın Körfəz ölkələrindəki bazarları vasitəsilə həyata keçirilə bilər. Bu zaman İranın konkret olaraq nüvə mərkəzləri və SEPAH-a məxsus obyektlərin hədəf halına gəlməsi mümkündür ki, ölkə rəhbərliyi bunu bilir”.

Zeynal Əmrəliyev
Politoloq bildirib ki, bütün bunlar nəzərə alınaraq hazırda İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin rəhbərliyi altında Vaşinqtonla danışıqlar aparılır:
“Qərbin mümkün hücumunun qarşısının sülh yolu ilə alınması üçün səy göstərilir. Paralel olaraq digər tərəfdən isə hücumdan müdafiə üçün hazırlıq işləri görülür.
ABŞ-ın İranı qəflətən də hədəfə alma ehtimalı səsləndirilir, ancaq mən bu məsələni çox da inandırıcı hesab etmirəm. Hər halda Tramp danışıqların nəticəsindən asılı olaraq münasib addım atacaq. İran nüvə silahından əl çəkməli və bölgədəki aqressiv siyasətini düzəltməlidir. Əks halda çox ciddi şəkildə zərbələrə məruz qalacaq”.
Turan Rzayev
Globalinfo.az