
ABŞ Prezidenti Donald Tramp ərazidəki bütün israilli əsirlərin azad edilməsi tələbinin bir hissəsi olaraq “HƏMAS” və Qəzza xalqını təhdid edib. Onun səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb: “Bütün girovları dərhal azad edin. Əks təqdirdə bu, sizin üçün son olacaq. Sizin yaxşı gələcəyiniz ola bilər. Ağıllı qərar qəbul edin və girovları azad edin.Siz mənim dediklərimi yerinə yetirməyincə heç bir “HƏMAS” üzvü təhlükəsiz olmayacaq”.
Trampın bu xəbərdarlığı effektiv olacaqmı? Onun hakimiyyətə başladığı andan etibarən müharibələri dayandırmaq istiqamətində atdığı addımlar qənaətbəxşdirmi?
Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Donald Trampın təhdidləri təsirsiz ötüşmür:
“İstənilən dövlət, xalq, hərbi-silahlı qruplaşma ABŞ kimi güclü dövlət və Tramp kimi aqressiv, sərt qərarlar qəbul edən prezident tərəfindən təhdidləri nəzərə almaq məcburiyyətindədir. Bu təhdidlər sonradan fəlakətli nəticələr doğura bilər. Qəzza xalqına və HƏMAS-a ünvanlanan çağırış da gərginliyin aradan qaldırılmasına hesablanıb.
Ümumiyyətlə, Trampın müharibələri dayandırmaq metodları tamamilə fərqlidir. Doğrudur, silahlı münaqişə bölgələrində atəşkəsin əldə olunmasına yönəlmiş addımlar atır. Lakin problem ondan ibarətdir ki, həmin addımları atarkən Tramp administrasiyası ədalətin və haqlı olanın kim olduğu ilə bağlı qənaət əldə etməyə ehtiyac duymur”.

Elçin Xalidbəyli
Politoloqun sözlərinə görə, Tramp administrasiyası mövcud münaqişələrdə haqlı tərəfin kim olduğunun fərqindədir:
“Lakin ABŞ maraqlarından çıxış edərək savaşların dayandırılması istiqamətində şərtlər müəyyən ediblər. Ukraynanın timsalında bunu görə bilirik. Ukrayna təcavüzə uğrayan, haqlı tərəf idi. Bu gün ABŞ maraqları tələb edir ki, rəsmi Kiyev itirən tərəf kimi münaqişədən çıxsın”.
Safura Bənnayeva
Globalinfo.az