İran və İsrail arasında qarşıdurma yenidən gərginləşib. Tərəflərin qarşılıqlı hücumları bölgədə vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olub. ABŞ Prezidenti Donald Tramp İrana İsrailə raket zərbələrini dayandırmağı tövsiyə edib. Ağ Ev rəhbəri bir gün əvvəl Tehranla sülh razılaşmasının əldə olunmaq üzrə olduğunu vurğulayıb.
İran İsrailə niyə hücumlara başladı? Vaşinqton bu dəfə Təl-Əvivi Tehranla baş-başa buraxır? Bunun ABŞ-dakı aralıq seçkiləri ilə nə kimi əlaqəsi ola bilər?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, qarşıdurmanın yenidən aktiv fazaya keçməsi ilk baxışdan paradoksal görünür:
“Çünki son həftələr ərzində ABŞ-dan gələn açıqlamalar İranla mümkün razılaşmanın yaxınlaşdığı təəssüratını yaradırdı. Tramp bir neçə dəfə Tehranla danışıqlarda irəliləyiş əldə olunduğunu və sülh sazişinin real perspektivə çevrildiyini elan edib. Lakin Yaxın Şərq siyasətinin xüsusiyyəti ondan ibarətdir ki, diplomatik proseslərlə hərbi əməliyyatlar çox zaman paralel şəkildə inkişaf edir. Müharibənin yenidən alovlanmasının əsas səbəblərindən biri İsrailin Livan istiqamətində davam edən əməliyyatları və Beyruta zərbələr endirməsi oldu. Məlumdur ki, ABŞ və İran arasında atəşkəs razılşaması özündə bütün istiqamətlərdə əməliyyatların dayandırılmasını ehtiva edirdi. Məhz bu səbəbdən də ABŞ-ın İsrailə təzyiqləri fonunda Livanla əldə olunan razılaşma ABŞ və İran arasında atəşkəsə nail olmağa imkan verib. Amma indi İsrailin Livanı yenidən bombalanması İranı da hərəkətə keçirdi və nəticədə qarşılıqlı zərbələrə şahidlik etdik”.
Rəşad Bayramov
Ekspertin sözlərinə görə, İsrail hesab edir ki, İranın hərbi və nüvə potensialı zəiflədilmədən bağlanacaq razılaşma regionda uzunmüddətli təhlükəsizlik yaratmayacaq:
“Tehran isə əksinə, hərbi təzyiqlər qarşısında geri çəkilən tərəf kimi görünmək istəmir. Nəticədə diplomatiya ilə yanaşı, qarşılıqlı güc nümayişi də davam edir. Maraqlı məqamlardan biri ABŞ-ın mövqeyidir. Son hadisələr göstərir ki, Vaşinqton əvvəlki dövrlərlə müqayisədə daha ehtiyatlı davranmağa çalışır. Tramp administrasiyası İsrailə siyasi dəstəyini davam etdirsə də, genişmiqyaslı regional müharibəyə birbaşa cəlb olunmaq istəmir. Son açıqlamalarda Trampın İsrail rəhbərliyini yeni eskalasiyadan çəkindirməyə çalışması da bunu göstərir. Bu, ABŞ-ın İsraili tamamilə tək buraxması deyil, lakin Vaşinqtonun hərbi müdaxilədən daha çox diplomatik həll variantına üstünlük verməsidir. Bunun təbii ki, ABŞ-ın daxili siyasi gündəliyi ilə də əlaqəsi var. Aralıq seçkilərinə doğru gedən prosesdə Amerika cəmiyyətində xarici müharibələrə münasibət əvvəlki dövrlərlə müqayisədə daha həssasdır. İraq və Əfqanıstan təcrübələri seçicilərdə uzunmüddətli hərbi əməliyyatlara qarşı skeptisizm yaradıb. Bu səbəbdən Ağ Ev üçün yeni və müddəti bəlli olmayan hərbi kampaniyaya daxil olmaq siyasi risk hesab edilir”.
Politoloq qeyd edib ki, Tramp administrasiyası mümkün qədər həm İsrailin təhlükəsizlik maraqlarını qorumağa, həm də ABŞ-ın birbaşa müharibəyə sürüklənməsinin qarşısını almağa çalışır:
“Münaqişənin yeni mərhələsinin nəticələrinə gəlincə, düşünürəm ki, məhdud hərbi qarşıdurmadan sonra tərəflərin yenidən danışıqlar masasına qayıtmasına şahidlik edəcəyik. Hazırkı mərhələdə ən diqqətçəkən məqam odur ki, həm Vaşinqton, həm Tehran, həm də Təl-Əviv hərbi ritorikanı qorusa da, tammiqyaslı regional müharibənin nəticələrinin son dərəcə ağır olacağını anlayır. Buna görə də hərbi eskalasiya ilə diplomatik təmasların paralel davam etməsi yaxın dövrdə də əsas tendensiya olaraq qalacaq”.
Ləman İmran
Globalinfo.az