ANS Şirkətlər Qrupunun təsisçisi Vahid Mustafayev “BBC Azərbaycanca”ya müsahibəsində bir çox məqamlara toxunub. O, ANS-in keçmişdə fəaliyyətindən danışarkən deyib ki, kanalı birinci dəfə Azərbaycanın mərhum eks-prezident Əbulfəz Elçibəy bağlayıb.
Onun dediyinə görə, Birinci Qarabağ müharibəsi zamanı bir neçə şəhid cənazəsini Xiyabanda dəfn etməyə icazə verməyiblər. Bundan sonra şəhid yaxınları tabutları gələn şəhidlərin, Şəhidlər Xiyabanında basdırılmasına icazə almaq üçün Prezident Aparatının qarşısına gətiriblər. Bu zaman hadisəni ANS-in kamerası lentə alıb.
V.Mustafayev onu da qeyd edib ki, hadisənin təfərrüatlarını “Qalmaqal” verlişində göstərdikdən sonra ANS kanalını bağladılar. O həmçinin deyib ki, Elçibəy siyasət adamı deyildi. O, daha çox ədəbiyyat adamı idi.
Oqtay Qasımov
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov deyib ki, Vahid Mustafayevin danışdığı hadisə əslində 1992-ci ilin sentyabr ayında baş verib:
“Həmin vaxtı Böyük Britaniyanın baş naziri Marqaret Tetçer Bakıda səfərdə idi. Yəni əslində həmin hadisə bir provokasiya kimi təşkil edilmişdi. Araşdıranda məlum oldu ki, bu işin arxasında Ayaz Mütəllibovun hakimiyyətində əsas fiqurlar olmuş şəxslər dayanıb. Onların bəziləri müvafiq araşdırmadan sonra həmin gecə saxlanıldı.
Əraziyə iki maşın gətirilmişdi. Hər birində 3 tabut vardı. Amma tabutlar boş idi.
Həmin vaxt ANS kanalı yeni fəaliyyətə başlayırdı. Qısa bir neçə günlük insident oldu. Təəssüf ki, həmin vaxt ANS-in jurnalistləri də bu tipli məsələlərdə təcrübəsizlik edirdi. Amma biz tabutların içərisində cənazələrin olmadığını aşkarladıq. Bu bir təxribat idi.
Hadisə zamanı onların arasında mənim də şəxsən tanıdığım bir neçə şəxs vardı. Birinin də adı Teyyub idi. Guya o, vaxtilə hərəkata qoşulub. Əsas fəallıq edənlərdən biri o idi. Gəlib sadəcə hay-küy saldılar. ANS də əslində bunu təxribatçı hərəkət, etiraz kimi təqdim etmişdi. Əlbəttə müharibə gedən ölkədə belə şeylər qəbulolunmazdır.
Misal üçün, yardıma gəlir, ANS-in müxbiri Tərtərdə səngərdə əsgərlərimizdən müsahibə almışdı. O, təxminən belə sual vermişdi ki, qarşındakı ermənidir, sən ona güllə atıb öldürəndə bir insan kimi peşmançılıq hissi keçirirsən? Təsəvvür edin, müharibə vəziyyətindəki bir ölkənin əsgərinə bu sual verilir”.
Vahid Mustafayev
O deyib ki, Vahid Mustafayevin Elçibəyi ədəbiyyat, incəsənət xadimi adlandırması doğru yanaşma deyil:
“Elçibəy necə siyasət adamı deyil ki, 1970-ci illərdə gizli dərnək qurdu, hərəkat başlatdı, siyasi məhbus kimi həbsdə yatdı. O necə siyasətçi deyil ki, prezident oldu, rus qoşunlarını Azərbaycandan qovdu. Bu kimi fikirlər boş söz yığınıdır. Elçibəyi siyasi xadim kimi yox, mədəniyyət, ədəbiyyat xadimi adlandırmaq ədalətsiz və obyektivlikdən uzaq mövqedir”.
Turan Rzayev
Globalinfo.az