Tələbənin qohumu sensasion faktı açdı: “Zəlzələ oldu, onu təxliyə etdilər, sonra isə…” – FOTO

“Bir qədər əvvəl dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb, lakin Samirin deyil. Onun cəsədi olduğu deyilirdi, amma məlum olub ki, qardaşı şok vəziyyətində olduğu üçün oxşadıb”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında dağıntılar altında qalan tələbələrdən Samir Quliyevin dayısı oğlu Ramal Şəmşədli deyib.

O, cəsədin Samirə aid olmadığını bildirib:

“Samirin boynunda xal var və dişləri üst-üstədir. Tapılan cəsəddə isə bunlar aşkar edilməyib. Bu gün hər kəs dağıntılar altından çıxarılacaq. Dua edək ki, hamısı sağ-salamat çıxsın”.

R.Şəmşədli tələbələrin məhz onun dəstəyi ilə Türkiyəyə getməsi mövzusuna da aydınlıq gətirib:

“Samirlə Şahinə dəstək olmuşam. Təbii ki, Samir bibim oğlu olduğu üçün bu məsələdə ona kömək etmişəm. Amma Şahin özü mənə müraciət etmişdi. O zaman ofisiant kimi çalışırdı. Dəstək oldum, özü imtahan verib, Türkiyədə təhsil almağa getdi”.

R.Şəmşədli daha bir diqqətçəkən məqama toxunub:

“Samir əvvəl Elazığ şəhərində təhsil alırdı. 2020-ci ildə orada zəlzələ baş verdi deyə onu Malatyaya təxliyə etdilər. Guya bəladan qaçırdıq, getdi, orada dağıntılar altında qaldı. Yenə də ümidimiz var ki, xoş xəbər alarıq”.

Zaira Akifqızı
Globalinfo.az