İran regionu qana boyamağa çalışır – Münasibətlər gərginləşir

Son günlər İrandan Ermənistana yük təyyarələrinin intensiv uçuşları haqda müzakirə gedir. Bəzi ekspertlər iddia edir ki, yük təyyarələri İrandan Ermənistana silah-sursat daşınır. Hətta həmin silahların Hindistan, Fransa kimi ölkələrdən İrana, oradan Ermənistana daşındığı iddia olunur.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur? İran Ermənistana silah-sursat daşıyır? Bu silahlar hardan gəlib? Hidistandan, yoxsa Fransadan? Bu trafik, şübhəli yükdaşımalar Tehran-Bakı münasibətlərini yenidən böhrana sala bilər?

Globalinfo.az-a danışan politoloq Sədrəddin Soltan deyib ki, İran ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığın olması yeni bir şey deyil:

“Bu məsələ 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ifşa olunub. Məlum oldu ki, rəsmi Tehran müxtəlif vasitələr ilə Ermənistana hərbi yardım edir.

Müharibədən sonra Ermənistan hərbi sahədə əməkdaşlıq məsələsini şaxələndirib. Nikol Paşinyan da bəyan etdi ki, Rusiyaya təhlükəsizliyimizi etibar edə bilmərik. Ona görə də Fransa və Hindistan ilə hərbi sahədə əməkdaşlıq edilir. Artıq bu əməkdaşlıq çərçivəsində yeni silahlar alınıb.

Mart ayında Ermənistan müdafiə naziri və baş nazirin birinci müavini İrana səfər etdi. Tərəflər arasında hərbi avadanlıq, silah-sursat və texnikanın alışına dair razılaşma əldə edildi. Bundan öncə də Ermənistanın hərbi təmsilçiləri İranda olmuş, hərbi sənaye komplekslərinin işinə baxmışdılar. İndi ehtimal olunur ki, İran Ermənistana dronlar verir. Ötən gün də SEPAH-ın Teleqram kanalı məlumat yaydı ki, daha bir neçə təyyarə Ermənistana silah-sursat daşıyır.

Sədrəddin Soltan

Ermənistanla İran arasında açıq hərbi saziş var. Bütün bu proseslər də həmin saziş üzrə icra edilir. Diqqətçəkən əsas məqam isə Ermənistanın İrandan silah almasına Qərbin göz yummasıdır. Çünki İranın hərbi sənaye kompleksinə Qərbdən sanksiya tətbiq edilir. Yəni bu ölkədən silah alan ölkələrə də bu sanksiyalar tətbiq edilməlidir. Ermənistana isə nədənsə heç bir təzyiq yoxdur.

Ermənistan üçün əslində hansı ölkə ilə hərbi əməkdaşlıq etməsinin elə də əhəmiyyəti yoxdur. Yəni mümkündür ki, gələcəkdə ABŞ ilə də əməkdaşlıq edilsin. Onu da deyim ki, rəsmi İrəvan vaxtilə İsrail ilə də əməkdaşlıq etməyə cəhd etmiş, amma Təl-Əviv buna isti baxmamışdı. İsrailin etmədiyi əməkdaşlığı İran Ermənistanla etdi”.

Ekspert İranın Ermənistana silah satmasının Bakı ilə Tehran arasında münasibətləri gərginləşdirəcəyini deyib:

“İki ölkə arasında gərginlik onsuz da var. Özü də bu gərginlik təkcə Ermənistanla bağlı deyil. Rəsmi İrəvana Cənubi Qafqazda gərginliyi artıracaq yardımların edilməsinə Bakı səssiz qalmayacaq.

Məsələ ondadır ki, İran hər dəfə deyir ki, Cənubi Qafqazda sülh istəyir və Ermənistanla Azərbaycan arasında balans siyasəti yeridir. Yəni Tehran konkret bir tərəfi dəstəkləmir. Amma Ermənistana silah satışı və başqa ölkələrdən gələn silahların İrandan keçməsi bunun tam əksini deməyə əsas verir. Şübhəsiz bu, iki ölkəni qarşı-qarşıya gətirəcək və münasibətləri yenidən gərginləşdirəcək”.

Turan Rzayev
Globalinfo.az