Tanınmış vəkil ölkə başçısına müraciət etdi

“Bildirirəm ki, insan haqlarını müdafiə etdiyim üçün zaman-zaman təqiblərə məruz qalmışam. Hətta bu təqib o həddə çatıb ki, verdiyim vəsatətə görə həbs edilmişəm və sonradan həbsdən azad edilmişəm”.

Globalinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas Elçin Sadıqov deyib.

O bildirib ki, barəsində əsassız cinayət işi bu gün də davam edir:

“Halbuki, AR CM-nin 312-ci maddəsinin qeydinin hər iki bəndinə əsasən əməlimdə heç bir hüquq pozuntusu yoxdur.

Son dövrlər işgəncələrə və qeyri-insani rəftara qarşı kəskin fəaliyyət apardığım üçün VKRH barəmdə intizam icraatı başladı. Məlum oldu ki, 2022-ci ilin sentyabr ayında Eynulla Fətullayev Vəkillər Kollegiyasına şikayət edibdir.

24.06.2023-cü il tarixdə Vəkillər Kollegiyası İntizam Komissiyası Eynulla Fətullayevin şikayəti üzrə sifarişlə məndə “pozuntu” aşkar edib. Halbuki Eynulla Fətullayevin şikayət vermək hüququ və bu şikayətin icraata qəbul edilməsi üçün əsas yox idi. Belə ki, ümumi qəbul edilmiş müraciət hüququna əsasən hər kəs özünün hüququnu pozan, hüquq və maraqlarına toxunan halla bağlı müraciət etmək hüququna malikdir”.

E.Sadıqovun sözlərinə görə, VKRH-nin bu “şikayətə” ona görə baxmaq səlahiyyəti yoxdur ki, bununla bağlı iş prokurorluğun icraatındadır:

“VKRH ona görə qeyri-qanuni intizam icraatına baxır ki, məni əvvəlcədən hüquq pozmada əsassız olaraq təqsirli bilsin, mənim təqsirsizlik prezumsiyası hüququmu pozaraq barəmdə başlanılmış cinayət işinə xitam verilməsinin qarşısını alsın”.

E.Sadıqov məsələ ilə bağlı Prezidentə müraciət edib:

“İnsan hüquq və azadlıqların müdafiə edən bir vəkil olaraq Sizdən xahiş edirəm, mənim öz fəaliyyətimi təhlükəsiz və müstəqil həyata keçirməyimə kömək edəsiniz, mənə qarşı qanunsuz intizam, cinayət təqib və təzyiqlərinə son verilməsinə göstəriş verəsiniz”.

Zaira Akifqızı
Globalinfo.az