Prezidentin oğlunu təbrik edən vəkili müxalifətçilər şantaj edir

Müsavat Partiyasının başqan müavini, ölkənin tanınan vəkillərindən olan Osman Kazımovun başına sözün əsl mənasında iş gəlib.

Globalinfo.az bildirir ki, o, özünün feysbuk profilində Prezident İlham Əliyevin oğlu Heydər Əliyevi ailə qurması münasibətilə təbrik etdiyi üçün təhqirə, şantaja məruz qaldığını bildirib.

Osman Kazımov bununla bağlı yazdığı statusda heyrətini, təəccübünü gizlətmir. Təmsil olunduğu düşərgənin əxlaq göstəricisinə şahidlik onu şoka salıb. Vəkilin yazdığı statusdan bəzi hissələri sitat kimi təqdim edirik: “Heydər Əliyevi ailə qurması münasibətilə təbrik etdim. Təmsil olunduğum Müsavat Partiyasının da apardığı mübarizə yolu budur: Saf, ədalətli, şəffaf, hər cür nifrətdən kənar bir yol. Düşüncələrimə qılınc da çəkdilər. Az qala, “xəyanətkar” adlandırılacaq qədər fikirlər səsləndirildi, şantaja qədər yuvarlananlar oldu”.

Osman Kazımov daha sonra yazır: “Nədən, əzizlərim, söyüşə, əxlaqsız davranışa yox dediyim üçünmü? Nəyi satdım, nəyə xəyanət etdim?

Mənim fikirlərimdən, düşüncələrimdən istifadə edərək təmsil olunduğum Müsavat Partiyasına qarşı bir şantaj kampaniyasına, qarayaxmaya başladılar. Və bunu daha çox o şəxslər etdi ki…

Sadəcə, lənət şeytana ki, o insanların qəlbinə girib. Mən axı düşüncələrimi Müsavat Partiyası adından səsləndirməmişdim. Belə şantaj, özünə dəyərsizlik başucalığı gətirmir axı”.

Vəkil sual edir ki, hakimiyyətin yol verdiyi səhvləri müxalifət də təkrarlasın?

Ardınca da “Biz də mi elə olmalıyıq, elə düşünməliyik? Mən bu faciə pərdəsinin dövlətimin, xalqımın üzərindən götürülməsini istəyirəm. Hakimiyyətin xarakterini dəyişməsini, xalqımın yanında olmasın istəyirəm. Hər bir vətəndaşımızın övladının xoş gününü görməsini arzulamışam. Bu, məgər süngü iləmi qarşılanmalıdır?” – deyə O.Kazımov bildirir.

Osman Kazımov statusunda bir maraqlı məqama toxunur. O, paylaşdığı təbrik yazısı haqda sərt tənqid yazan bir nəfərlə dialoqunu bu cür təsvir edir: “Süngü çəkənin birindən statusu oxuyub-oxumamasını soruşdum. Dedi, oxumamışam. Dedim, bəs oxumadığın yazıya necə qiymət verirsən?! Əminəm ki, o yazını oxumayıb, rəy yazanlar “yaz” deyib. Bir qismi səbatsızdır, bir qisminə “yaz” deyiblər, yazıb, bir qismi Müsavatı qaralamaq üçün yazıb”.

Müxalifətçi vəkildən daha bir sitat: “Bu mənim yazım, əzizlərim, şəxsi düşüncələrimdir. Yazılan qeyri-obyektiv tənqidlərə, şantajlara, qarayaxmalara baxmayaraq, o yazımın üstündə dururam. Xalqını xoşbəxt, dövlətini varlı, ədalətli və firavan görmək istəyən bir vətəndaşın mövqeyidir. Qara niyyətlərdən, kindən uzaq durun. Uzaq durun ki, qarşınıza çıxmasın”.

Globalinfo.az