“Şuşanı tərk etmək məcburiyyətində qaldıqlarını dedikdə gözləri doldu” – Zaid Nəzərovun əziz xatirəsinə

Ötən gün çox üzüldüyüm bir xəbər eşitdim. Belə ki, Birinci Qarabağ müharibəsi qazisi, müstəqil Azərbaycanın ilk tankçılarından olan Şuşanın müdafiəsində iştirak etmiş döyüşçü, əfsanəvi tankçı Albert Aqarunovun döyüş yoldaşı Zaid Nəzərov haqqın rəhmətinə qovuşdu.

Zaid bəylə tanışlığımız əslində bir təsadüf nəticəsində baş tutub. Belə ki, 2018-ci ildə politoloq Elxan Şahinoğlunun Qərb universitetində təsis etdiyi və mənim kimi politologiya ixtisasında təhsil alan gənclərin bir araya cəmləşdiyi Tətbiqi Politologiya Mərkəzi Eurasiya Diarynin qonağı idik. Bizimlə paralel Zaid bəy və Albert Aqarunovun digər döyüş yoldaşları da orda idi. Beləcə xoş bir təsadüf olsa da həmin gün orda onunla tanış olub söhbət etmək imkanımız oldu. İlk dəfə o gün Şuşanın necə və hansı yollarla düşmən əlinə keçdiyini öyrənə bildim.

Zaid bəylə sonuncu dəfə 2022-ci ilin iyul ayında Şuşada görüşmüşdük. 2018-ci ildəki görüşümüzü xatırlayıb bir xeyli söhbət etmişdik. 2018-ci ildə Şuşa ilə bağlı dediklərini indi onun bələdçiliyində Şuşanın küçələrini gəzərək birbaşa özündən eşitmək tərifi imkansız bir duyğu idi. Şuşanı necə tərk etdiklərini, daha doğrusu tərk etmək məcburiyyətində qaldıqlarını dedikdə isə gözləri dolurdu.

Amma xoşbəxtlikdən həyatını itirmədən öncə Şuşanı görə bildi. Bir zamanlar uğurunda döyüşdüyü şəhərin yenidən əsl sahibində olmasını gözləri ilə görə bildi.
Allah Zahid bəyə rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!

Turan Rzayev
Globalinfo.az