“8 noyabr Zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, son 200 illik tariximizdə isə, heç şübhəsiz ki, xalqımızın əzmi, dövlətimizin qüdrətinin inikasını dolğun əks etdirən ən şanlı səhifəmizdir. Məhz zəfərimizlə Azərbaycan Prezident İlham Əliyevin liderliyində ermənilərə, son yüz ildə Ermənistana havadarlıq edən iri güclərə qalib gəlməklə regionun tarixi inkişaf konsepsiyasını dəyişdi”.
Bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə əldə etməsi ilə bağlı danışarkən deyib.
O, Ulu Öndər Heydər Əliyevin dediklərindən sitat gətirib:
“Ulu Öndər Heydər Əliyev hələ 1998-ci ilin 18 oktyabr tarixində baş tutan andiçmə mərasimində bəyan etmişdi: “Azərbaycanın sərhədlərinin bütövlüyü, ərazi bütövlüyü bizim üçün müqəddəsdir. Biz bütün vasitələrdən istifadə edib, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq”.
İlham Əliyevin də 31 oktyabr 2003-cü ildə andiçmə mərasimində Prezident kimi ilk çıxışında milli mənafe mövzusunda mövqeyi kifayət qədər korrekt oldu. “Bizim səbrimiz tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcək”. 200 illik regional düyünün açılması, 30 illik işğala son qoyulması və mütləq qələbəyə nail olunması üçün isə ölkə başçısına cəmi 17 il lazım oldu. 17 il ərzində Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, özünün hər addımı ilə bizi böyük Zəfərə daha da yaxınlaşdırdı. Azərbaycan regionun hərbi-siyasi gücünə çevrilərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşacaq ordu, 1200 adda hərbi təyinatlı məhsul istehsal edən nəhəng müdafiə sənayesi infrastrukturu yaratmağa nail oldu”.
Bəhruz Məhərrəmov
Deputat deyib ki, İlham Əliyev tərəfindən Ümummilli Liderin Azərbaycançılıq fəlsəfəsinin milli nüvə olaraq müəyyən edilməsi, sistemli sosial və siyasi tədbirlərin qanunauyğun nəticəsi kimi yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik, ən əsası isə qələbəyə köklənmiş gənc nəslin formalaşdırılması proqnozlarını puç etdi:
“Nəticədə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Ötən il sentyabrın 19-da isə İlham Əliyev lokal xarakterli antiterror tədbirləri ilə problemə nöqtə qoydu. Beləliklə, İkinci Qarabağ müharibəsində işğala son qoymaqla, ötən il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin təsis olunması ilə ərazi bütövlüyümüzü, sentyabrın 19-da isə suverenliyimizi tam bərpa etməklə, İ.Əliyev Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan geosiyasi reallıq yaratdı. Bu gün Zəfərimizdən doğan gücümüz, mökəmlənən həmrəyliyimiz qələbələrin davamlılığını həm təmin edir, həm zərurətə çevirir. Lakin unutmamalıyıq ki, qalibiyyət tarixin təbii axarında qorunmur. Xüsusən cari region reallığında qələbənin nəticələrinin qorunması yalnız Heydər Əliyev siyasi kursunun davamlılığından birbaşa asılıdır”.
Zaira Akifqızı
Globalinfo.az