Sürücülərin nəzərinə: bu yol 20 dəqiqəlik bağlanacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyi (AAYDA) sürücülərə müraciət edib.

Globalinfo.az xəbər verir ki, hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda  hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) məlumatda deyilir:

“1.M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 47.9-cu kilometrində (Qaradağ rayonu ərazisi, DYP postu yaxınlığında) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işləri ilə əlaqədar iyunun 11-dən 12-nə keçən gecə yolun üzərində metal konstruksiyanın quraşdırılması səbəbi ilə (təhlükəsizliyin təmin edilməsi məqsədilə) 15-20 dəqiqə müddətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”.