Suriyada Rusiya qırıcısı ABŞ-a məxsus drona atəş açdı

İyulun 23-də Rusiya qırıcısı Suriya səmasında ABŞ-ın pilotsuz uçuş aparatını vurub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Rusiya qırıcısı Suriya səmasında ABŞ pilotsuz uçuş aparatının bir neçə metrliyində uçaraq ona atəş açıb və nəticədə “MQ-9 Reaper” PUA-sının pərinə ciddi ziyan vurub.

“Xoşbəxtlikdən uçuş heyəti uçuşa nəzarət edə bilib və onu təhlükəsiz şəkildə öz bazasına qaytara bilib”, – məlumatda deyilir.

ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Qərargahının rəhbəri general-leytenant Aleks Qrinkeviç bu hücumun Rusiya qırıcısının bölgədə ekipajı daşıyan ABŞ müşahidə təyyarəsinə təhlükəli şəkildə yaxınlaşaraq dörd amerikalı ekipaj üzvünün həyatını təhlükəyə atmasından cəmi bir həftə sonra baş verdiyini söyləyib.

“Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, təxribat xarakterli və qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq”, – deyə o bildirib.