
“Moskvada baş tutan Suriya üzrə Türkiyə-Rusiya danışıqlarında müsbət nəticə əldə edilib. Bununla da İranın da iştirakçı olduğu Astana formatı süquta uğradı”.
Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə Suriya müdafiə naziri Əli Mahmud Abbas və onun türkiyəli həmkarı Hulusi Akar arasında Moskvada baş tutan görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, Dəməşqlə əlaqələrin normallaşması bir neçə aspektdə Ankaranın əlini gücləndirəcək:
“Birincisi, Ankara və Dəməşq arasında siyasi münasibətlərin normallaşması PKK/YPG terror təşkilatının Suriyanın şimalında varlığına böyük zərbə vuracaq.
İkincisi, Ankara Yaxın Şərqdə mövqelərini gücləndirməklə İranın Suriyadakı varlığını zəiflədəcək.
Üçüncüsü, Türkiyədə Suriya qaçqınlarının təhlükəsiz geri qaytarılması prosesi başlayacaq.
Dördüncüsü, Türkiyənin Rusiya ilə Suriya məsələsində ortaq məxrəcə gəlməsi Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində müsbət rol oynamaqla Ankaranın regionda əsas oyunçu olmasını şərtləndirəcək. Xüsusilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında Ankara Moskva ilə müəyyən razılaşmaya gələ bilər”.
Politoloqun sözlərinə görə, Türkiyə və Suriya arasında danışıqların müsbət nəticələnməsi Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsinə, eləcə də İsrailin Suriyada İranla bağlı narahatlığına son verəcək:
“Rusiya Türkiyənin Suriyada rolunu qəbul edir və onunla hesablaşmağa məcburdur. Çünki Moskva Ukraynada üzləşdiyi hərbi məğlubiyyət fonunda Suriyada müharibə aparmaq üçün Ankara ilə qarşı-qarşıya gəlməkdə tərəddüd etdi”.
Turan Rzayev
Globainfo.az