Yeni il yaxınlaşdıqca bazarlarda ənənəvi qiymət artımı müşahidə olunur. Bu tendenasiyanın bayrama qədər davam edəcəyi proqnozlaşdırılır.
Bəs hökumət süni qiymət artımı ilə əlaqədar hərəkətə keçəcəkmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı toxunulan məsələlərdən biri də süni qiymət artımı idi:
“Bunun obyektiv və subyektiv səbəbləri var. Xaricdən Azərbaycana kifayət qədər ərzaq məhsulu idxal olunur. Bu məhsullar üzərində əlavə inflyasiya müşahidə edilir. Lakin bəzi sahibkarlar bayram gəlməmişdən 1-2 ay əvvəldən süni qiymət artımına başlayırlar. Antiinhisar Xidməti bu istiqamətdə müəyyən addımlar atır. Rəqabət Məcəlləsinin qəbulu da süni qiymət artımının qarşısını almağa xidmət edəcək.
Vahid Əhmədov
Hökumətin də bununla bağlı müəyyən tədbirləri var. İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti sistematik tədbirlər keçirərək qiymət artımının süni və ya təbii olduğunu ortaya çıxarır. Həmin prosesi bütün sahələrə tətbiq etmək qeyri-mümkündür.
Əldə etdiyimiz məlumatlara görə, bəzi məhsullarda az da olsa stabilləşmə var. İqtisadiyyat Nazirliyi və Mərkəzi Bank tərəfindən 2023-cü ilin inflyasiyası 9.5%, 2024-cü ildə isə 5.3% planlaşdırılıb”.
Safura Bənnayeva
Globalinfo.az