Bu yol qısaldı: Əvvəl 1 saata gedirdik, indi 21 dəqiqəyə – Qiymət isə…

Bakı-Sumqayıt marşrutu üçün nəzərdə tutulmuş “Neoplan” avtobusları iki şəhər arasında gediş-gəlişi asanlaşdırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkələrdə yazıblar.

Bildirirlər ki, avtobuslar üçün ayrılan zolaqla hərəkət edən Bakı-Sumqayıt avtobusu “Avtovağzal” metrostansiyasına cəmi 21 dəqiqəyə çatıb, əvvəl isə bu müddət 1 saata yaxın olurdu.

Bakubus MMC-nin mətbuat katibi Əsmər Əliyeva deyib ki, artıq Sumqayıtdan Bakıya ən geci 25-30 dəqiqəyə çatmaq mümkündür:

“Əvvəl 45 dəqiqəyə çatmaq mümkün idi. Zolaq şəbəkəsi genişləndirildikcə zaman daha da azaldı. Ekspress avtobusların Bakıdan Sumqayıta, eləcə də əks istiqamətdə 6 dayanacağı var. Paytaxtdan Sumqayıta gedən zaman – Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” metrostansiyası, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı Evlər Yaşayış Kompleksi və Sumqayıt avtovağzalı. Eyni qayda ilə də Bakıya hərəkət edir”.

Ə.Əliyeva qiymətlərin dəyişmədiyini, hazırda da 80 qəpik təşkil etdiyini bildirib.

Qeyd edək ki, son illər Bakıdan Sumqayıta və əks istiqamətə hərəkət həddən artıq çətinləşmişdi. Aidiyyəti qurumlar bu istiqamət üzrə insanların rahat şəkildə ünvana çatması üçün müxtəlif tədbirlər görürlər ki, onlardan biri də Bakı-Sumqayıt sürət qatarıdır.

Zaira Akifqızı
Globalinfo.az