Son zamanlar suda boğulma halları artır. Hər ay 5-10 nəfər məlum səbəbdən ölür. Yay aylarında isə bu say bir neçə dəfə çox olur. Əsas səbəb də insanların üzə bilməməsidir.
Bəs görəsən, üzgüçülüyün təhsilə gətirilməsi və şagirdlərin bundan imtahan verməsini tətbiq etmək olarmı?
Ümumiyyətlə, necə edək ki, vətəndaşlar arasında üzməyi bacaranların sayı daha çox olsun?
Mövzunu Globalinfo.az-a şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, hazırda orta və ali məktəblərdə tədris proqramına fiziki hazırlıq dərsləri daxil edilib.
Onun sözlərinə görə, fiziki hazırlıq dərslərində uşaqlarda müstəqil həyatda özünü müdafiə etmək, həmçinin digər həyati bacarıqlar formalaşdırılmalıdır:
“Etiraf edək ki, istər orta, istərsə də ali məktəblərdə fiziki hazırlıq dərslərində uşaqların qarşısına topu atırlar, onlar da sadəcə futbol oynamaqla məşğul olurlar. Bu, çox təhlükəli bir tendensiyadır. Ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarında uşaqlar məktəbdə əldə etdikləri qabiliyyətləri yox, hansısa fiziki tərbiyə müəlliminin yanında öyrəndikləri bilikləri, idman zallarında əldə etdikləri bacarıqları ilə bu prosesə qoşulurlar. Fiziki tərbiyə üzrə proqrama baxdıqda görürük ki, üzgüçülük də daxil, bütün idman növləri var”.
Təhsil eksperti deyib ki, tərbiyə üzrə proqramlarda üzgüçülük olsa da, orta məktəblərimizdə hovuz yoxdur:
“Demək olar ki, bütün rayonlarda olimpiya mərkəzləri və olimpiya komitələri var. Müəyyən günlər məhz üzgüçülük dərslərinə ayrılmalıdır. Bu dərslər isə elə olimpiya mərkəzlərində keçirilməlidir. Bilirsiniz, tədrisin ən vacib mahiyyəti ondan ibarətdir ki, bizim şagirdlər həyati bacarıqlara hazır olmalıdırlar. Bunun da əsasını özünümüdafiə, üzgüçülük və digər vacib elementlər təşkil edir. Bəli, ali məktəblərin demək olar ki, bir neçəsində üzgüçülük hovuzları var. Amma orada bu bacarıqların formalaşmasını müşahidə edə bilmirik.
Dediyim kimi, idman dərsinin mahiyyəti heç də uşaqların qarşısına topu atıb, onların ancaq topun ardınca qaçmasını seyr etmək deyil. Bu gün Azərbaycan futbolunun məhz zəif olmasının səbəbi uşaq futbolunun olmamasıdır. Üzgüçülükdə də Azərbaycan komandasının böyük əksəriyyətini xaricilər təşkil edir”.
Zaira Akifqızı