Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Göygöl rayonunun Zurnabad kəndində fəaliyyət göstərən “Su Səsi” restoranında yoxlama həyata keçiriblər.
Bu barədə Globalinfo.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı restoranda qida obyektinə dair sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Baxış zamanı ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan, saxlanma müddəti ötmüş qida məhsullarının satışının həyata keçirildiyi, məhsulların saxlanması zamanı temperatur rejiminə riayət olunmadığı, obyektdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyət üçün ayrılmış soyunub-geyinmə otağının dolablar və sanitar-məişət avadanlıqlar ilə təmin edilməməsi, qabların yuyulma və saxlanma sahəsində döşəmə və divar səthlərinin hamar və təmirli olmaması, asan təmizlənmə və müntəzəm dezinfeksiya işlərinin aparılması üçün müvafiq şəraitin təmin edilməməsi müəyyən edilib.
Faktlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək mənşəyi məlum olmayan və saxlanma müddəti ötmüş məhsulların satışı qadağan edilib.
Qeyd edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində inizibati xəta haqqında protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib.
Xatırladaq ki, ötən il avqust ayında “Su Səsi” restoranında mənşəyi məlum olmayan və keyfiyyətsiz qida məhsullarının təqdim edilməsi ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən fiziki şəxs Qurbanov Ramin Yunis oğluna məxsus restoranda plandankənar yoxlama keçirilmkşdi, istehlaka yararsız qida məhsullarının istifadəsinin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati qaydada tədbir görülmüşdü.