“İnternet yayımçılığı fəaliyyəti diqqətdə saxlanılmalı məsələdir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
“Təbii ki, əgər kimsə öz gündəlik həyatını, məişətini, mətbəxini nümayiş etdirirsə və yayımladığı bu məzmunda əxlaqa, mənəviyyata, ictimai sağlamlığa təhdid yaradan bir məqam yoxdursa, buyursun, öz işinə qanunlar çərçivəsində davam etsin. Biz bu fəaliyyətin əleyhinə olmamalıyıq, bu əksinə, cəmiyyətdə xoş bir ovqat yaradır, əyləndirir, zamanla hətta maarifləndirə bilir. Amma cəmiyyətdə qarşıdurma yaratmağa xidmət edən qızışdırıcı və təhrikedici yayımlar ciddi nəzarətə götürülməlidir. Həyatda heç bir nümunəvi nailiyyəti olmayan, intellektual səviyyəsi və dünyagörüşü dövlətçilik maraqlarını anlamağa imkan verməyən adamların sosial problemləri manipulyasiya edərək cəmiyyətə nəyisə təlqin etmək, kütləyə yön vermək hüququ olmamalıdır!”.
Deputat bildirib ki, informasiya məkanı dövlətimizin suverenlik hüdududur və bura kütlələrin beynini zəhərlədiyi bir poliqon ola bilməz:
“Heç kimin haqqı yoxdur ki, internet resurslarında özünü dövlətə münasibətdə prokuror və ya ittihamçı kimi aparsın. Bu sərhədlər daxilində yeganə hakim dövlət özüdür”.
Safura Bənnayeva
Globalinfo.az