23 may saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində IV Bakı Müasir Musiqi Günləri Festivalı çərçivəsində SoNoR ansamblının 30 illik yubiley gecəsi keçiriləcək.
Globalinfo.az bildirir ki, 1995-ci ildə Bakıda pianoçu Samir Mirzəyev, klarnetçi Nizami Zeynalov, gitaraçı Rövşən Məmmədov və kollektivin bədii rəhbəri, bəstəkar Elmir Mirzəyev tərəfindən yaradılan SoNoR postsovet Azərbaycanında yaranmış ilk müasir musiqi kollektivi olmuşdur. Sonralar Müasir Musiqi Təşəbbüs Mərkəzinə çevrilən ansambl fəaliyyət göstərdiyi illərdə Azərbaycanı beynəlxalq avanqard və çağdaş musiqi məkanında təmsil etmişdir.
Heç bir dövlət və ya kommersiya qurumuna bağlı olmadan, sırf musiqiçilərin entuziazmı sayəsində fəaliyyət göstərən kollektiv 1995–2005-ci illər ərzində müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış etmiş, nüfuzlu beynəlxalq müasir musiqi festivalları və forumlarında iştirak etmişdir. SoNoR konsertlərlə yanaşı performanslar, ustad dərsləri, beynəlxalq layihələr və çoxsaylı yeni əsərlərin premyeralarını da təşkil etmişdir.
Ansambl Niderlanddan Monqolustanadək uzanan geniş coğrafiyada keçirilən festivallarda iştirak etmiş, Avstriya, Almaniya, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan dirijorlarla əməkdaşlıq etmişdir. Müxtəlif ölkələrin bəstəkarları tərəfindən SoNoR üçün yeni əsərlər yazılmışdır.
Müstəqil təşəbbüs və entuziazm əsasında fəaliyyət göstərən SoNoR postsovet Azərbaycanda avanqard musiqi mühitinin formalaşmasına mühüm təsir göstərmiş, yeni nəsil bəstəkar və ifaçılar üçün vacib platformaya çevrilmişdir.

