Silahlı şəxs gördükdə bu addımı atın – Diqqət

Son zamanlar bıçaqlanma hallarının artması ilə əlaqədar həyəcan təbili çalınır. Xüsusən yeniyetmələr, gənclər arasında yaşanan bu olaylar təcili tədbirlərin görülməsini zəruri edir.

Bəs sözügedən halların qarşısını almaq üçün hansı addımlar atılır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bu sahədə maarifləndirmə işinin genişləndirilməsinə ehtiyac var:

“Bununla bağlı artıq Daxili İşlər Nazirliyi (DİN) tərəfindən bu iş başlanılıb. Nəticənin daha effektiv olması üçün ictimai nəzarət tədbirləri mütləq gücləndirilməlidir. Üzərində qanunsuz olaraq soyuq silah, qaz silahı gəzdirməyin, soyuq atıcı silahı əldə etmə və satmanın cinayət məsuliyyəti yaratdığı insanların diqqətinə çatdırılmalıdır”.

E.Hacıyev hər kəsdən xahiş edib ki, kiminsə üzərində hər hansı silah növü görən zaman mütləq polisə məlumat versinlər:

“Biz jurnalistlərdən, ictimaiyyət nümayəndələrindən xahiş edirik ki, maariflənmə işinin genişlənməsində bizə dəstək olsunlar. Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 228.4 maddəsinə uyğun olaraq qanunsuz qaz silahı, soyuq silah, o cümlədən də soyuq atıcı silah əldə etmə, üzərində gəzdirmə cinayət məsuliyyəti yaradır.  İstisnalar yalnız ovçuluqla əlaqəli olduqda nəzərə alınır. Özünü qorumaq üçün üzərində deşici, kəsici və digər ziyanverici alət gəzdirmək qadağandır.

Bizim bu gün əsas işimiz əməliyyatlarla yanaşı, maarifləndirmə işinin də aparılmasıdır. Əgər insanlar kiminsə üzərində bıçaq görsələr, dərhal polisə xəbər versinlər”.

Zaira Akifqızı
Globalinfo.az