“Silah dostları” Rusiyadan üz çevirir: Moskva tək qalır

“Pekin bir tərəfdən Rusiya ilə strateji tərəfdaşlığını davam etdirir, digər tərəfdən Vaşinqtona siqnallar göndərir ki, Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləmir. Ərazi bütövlüyü prinsipi Pekin üçün əhəmiyyətlidir, çünki özündə separatçı meyillər var. Misal üçün Çin lideri Si Szinpin Astanada olarkən Qazaxıstanın ərazi bütövlüyünü dəstəklədiyini birmənalı bəyan etdi. Bu, Moskvaya mesaj idi. Buna baxmayaraq, Pekin işğalçı müharibəyə görə Kremli tənqid etmir və Rusiyaya qarşı Qərbin sanksiyalarına qoşulmur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Çin lideri G-20 Zirvə toplantısında çıxış edərkən Rusiyanın Ukraynada apardığı işğalçı müharibə barədə bir cümlə də işlətmədi:

“Pekin Rusiyaya hərbi texnika göndərməsə də, Vaşinqtonun şübhələri azalmayıb. Məsələn, Moskva İrandan aldığı kimi Çindən də pilotsuz uçuş aparatları əldə etmək istəyir. Ancaq Rusiyanın Çindən dronlar almasına dair məlumat yoxdur.

Bir qrup çinli ekspert dronların və raketlərin müharibədə faydalı olmayacağı qənaətindədir. Həmin ekspertlər buna misal olaraq Əfqanıstanda Talibana məğlub olan ABŞ-ı göstərirlər. Çin kontinentlərarası ballistik raketləri sınaqdan keçirir, yeni sualtı gəmilər inşa edir. Bu sualtı gəmilər nüvə başlıqlı raketlərə malikdirlər. Çin eyni zamanda fərqli ölkələrdə istehsal edilən hərbi texnikaya və bunların istehsal imkanlarına da diqqət yetirir. Misal üçün müharibədən əvvəl Çin Ukraynanın motor istehsal edən zavodlarından biri ilə müqavilə imzalamışdı. Ukrayna zavodu Çinə 400-dən çox irihəcmli mühərrik satmalı idi. Anlaşmanın dəyəri 800 milyon dollar idi. Müharibə bu planları alt-üst etdi. Vaşinqton da Kiyevə təsir edərək, Çinlə müqavilənin ləğvini istədi. Belə olan halda Pekinin iki çıxış yolu qalırdı: ya oxşar mühərrikləri Rusiyadan almaq, ya da yerli istehsalı təmin etmək. Pekin ikinci varianta üstünlük verdi. Çində dəyəri 100 milyon dollar olan mühərrik zavodu inşa edilir”.

E.Şahinoğlunun sözlərinə görə, Rusiyanın Ukraynada hərbi gücü zəifləyib:

“Bundan başqa, bu müharibə Rusiya hərbi texnikasının modern olmadığını da göstərdi. Bir çox dövlətlərin Rusiya hərbi texnikasına marağı azalıb. Rusiyanın yaxın tərəfdaşı Çin hərbi texnikanın istehsalı məsələsində Moskva ilə əməkdaşlığa üstünlük verməkdənsə yerli istehsala üstünlük verəcək. Rusiyanın əsas alıcılarından biri də Hindistan idi. Ancaq Dehli də Rusiya əvəzinə tədricən ABŞ və Avropa ölkələrinin hərbi texnikasını almağa üstünlük verib”.

Turan Rzayev
Globalinfo.az