Son illər Azərbaycanda ərzaq məhsullarının davamlı bahalaşması hər kəsi, əsasən də gəlirləri az olan əhali təbəqəsini daha çox düşündürür. Sakit, kiçik həcmli bahalaşma təkcə daxili amillərlə bağlı deyil, bu proses qlobal iqtisadi mühitlə sıx əlaqəlidir. Çünki ölkə əhalisinin gündəlik tələbatının yarısı idxal hesabına ödənilir.
Son illərdə dünyada logistika xərclərinin artması, enerji qiymətlərinin yüksəlməsi, iqlim dəyişiklikləri və bəzi regionlarda baş verən münaqişələr kənd təsərrüfatı məhsullarının maya dəyərini artırıb. Eyni zamanda ölkə daxilində reallaşan istehsalda istifadə olunan toxum, yem, gübrə, texnika, yanacaq kimi resursların əhəmiyyətli hissəsi idxaldan asılıdır. Ona görə də xaricdə baş verən bahalaşma avtomatik olaraq daxili məhsulların qiymətinə də təsir edir.
Bu prosesin nə vaxta qədər davam edəcəyi konkret tarixlə bağlı deyil. Əgər qlobal bazarlarda sabitlik bərpa olunsa, logistika və enerji xərcləri azalsa, bahalaşma tempi də zəifləyə bilər. Amma tam ucuzlaşma çox vaxt baş vermir, çünki qiymətlər artdıqdan sonra yeni “baza səviyyəsi” formalaşır. Yəni artım dayanır, lakin qiymətlər əvvəlki səviyyəyə qayıtmır. Bu, iqtisadiyyatda “yapışqan qiymətlər” kimi tanınan bir haldır.
Dünya iqtisadiyyatında sakitlik yarananda qiymətlərin düşməməsinin əsas səbəblərindən biri də bazar iştirakçılarının davranışıdır. Şirkətlər xərcləri artdıqda qiymətləri tez qaldırır, amma xərclər azaldıqda qiymətləri endirməyə tələsmirlər. Çünki artıq bazar həmin yüksək qiymətə uyğunlaşır və alıcılıq müəyyən qədər davam edir. Bundan əlavə, əməkhaqqı artımları, icarə xərcləri və digər sabit xərclər geri düşmür, bu da qiymətlərin aşağı enməsini məhdudlaşdırır. Azərbaycandakı kimi rəqabətin zəif olduğu bazarlarda isə bu daha qabarıq hiss olunur. Satıcı və ya istehsalçının rəqibi olmayanda onun üçün qiymətləri bahalaşdırmaq ən asan çıxış yolu kimi tanınır. Rəqabət güclü olanda isə sahibkar üçün ən çətin addım qiymətləri bahalaşdırmaq olur. O, hər fürsətdə qiymətləri ucuzlaşdırmağa çalışır ki, müştəri kütləsini artırmaqla rəqibi qarşısında üstün mövqe qazansın.
Yerli ərzaq məhsullarının bahalaşmasının əsas səbəblərindən biri daxili istehsalın struktur problemləridir. Kənd təsərrüfatında məhsuldarlıq bir çox inkişaf etmiş ölkələrlə müqayisədə aşağıdır, xırda təsərrüfatlar üstünlük təşkil edir və miqyas effekti zəifdir. Bu isə maya dəyərini artırır. Digər tərəfdən, yanacaq və enerji qiymətlərinin artması daşınma və istehsal xərclərini yüksəldir.
İqlim faktorları da mühüm rol oynayır. Yaz aylarında intensiv yağışlar və əlverişsiz hava şəraiti, yay aylarında isə quraqlıq və su çatışmazlığı məhsulun həcmini azaldaraq qiymətləri yuxarı çəkir.
Artıq üç ildir ki, yaz aylarında havalar kənd təsərrüfatı üçün əsasən əlverişsiz keçir. Amma biz fermerlərin buna qarşı hər hansı bir reaksiya formalaşdırmasının şahidi olmuruq. Əslində fermerlər birinci növbədə torpağı fosfor və kalium gübrəsi ilə doydurmalıdır ki, bitkinin dəyişkən və əlverişsiz mühitə qarşı müqaviməti artsın. Azərbaycanın gübrə bazarında fosfor və kalium gübrəsinə son on ildə tələbat 3-4 dəfə azalıb. Bu o deməkdir ki, fermerlər bilərəkdən və ya bilməyərəkdən torpağa ehtiyacı qədər fosfor və kalium mineralları vermir, nəticədə bitki ətraf mühitə həssas olur və yüngül hava dəyişkənliyi onda ciddi stress yaradır. Bu isə məhsuldarlığa mənfi təsir göstərir. Eyni zamanda Azərbaycan fermeri seleksiya işlərinə, məhsuldar və dəyişkən iqlimə davamlı sortların yetişdirilməsinin qayğısına qalmır. Bu da məhsuldarlığın aşağı səviyyədə qalmasına vəsilə olur.
Bahalaşmaya valyuta amili də dolayı təsir göstərir. Hətta manat sabit qalsa belə, idxal olunan xammalın dünya bazarında bahalaşması daxili qiymətləri artırır. Üstəlik, əksər hallarda vasitəçilərin çoxluğu və tədarük zəncirində şəffaflığın zəif olması qiymətlərin süni şəkildə yüksəlməsinə şərait yaradır.
Nəticədə qısa müddətdə kiçik artımlar əhəmiyyətsiz görünsə də, zaman keçdikcə yığılaraq ailə büdcəsinə ciddi təsir edir. Bu tendensiyanın zəifləməsi üçün həm qlobal sabitlik, həm də ölkə daxilində istehsalın səmərəliliyinin artırılması, rəqabətin gücləndirilməsi və tədarük zəncirinin optimallaşdırılması vacib rol oynaya bilər.
Akif Nəsirli
Globalinfo.az