Sərsəng su anbarı bizə nə qazandıracaq? – Üçqat müjdə

 

Bu gündən Sərsəng su anbarına Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları nəzarət edir. Maraqlıdır, bunun Azərbaycan üçün hansı üstünlükləri olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctima Şuranın üzvü Rövşən Abbasov xatırladıb ki, Sərsəng su anbarı 1973-cü ildə istifadəyə verilib və əsas məqsəd 120 min hektardan çox ərazinin suvarılması olub:

“Lakin Sərsəng su anbarı işğal altına düşdükdən sonra separatçı rejim ondan elektrik enerjisi üçün və Azərbaycana zərər vurmaq vasitəsi kimi istifadə edirdi. Məsələn, ermənilər yay aylarında su vermirdilər, əksinə daha çox qış aylarında buraxırdılar. Bir sözlə, yay aylarında Bərdə və Tərtər rayonlarında susuzluq və quraqlıq yaradırdılar, qış aylarında isə süni daşqınlar”.

Xəzər suyu içəcəyik, özü də ucuz başa gələcək..." - Rövşən Abbasov - Turkustan.az

Rövşən Abbasov

R.Abbasov deyib ki, ermənilər Sərsəng su anbarını işğal etdikdən sonra Azərbaycana milyardlarla dollar ziyan vurublar:

“Sərsəng su anbarının Azərbaycana keçməsi çox yaxşı xəbərdir. Bərdə və Tərtər rayonlarında suvarma işləri xeyli yaxşılaşacaq, kənd təsərrüfatının su ilə təminatında irəliləyiş olacaq. Bundan başqa, Sərsəng su anbarı sayəsində balıqçılıq və turizm inkişaf etdirilə bilər. Ərazinin mənzərəsi də çox gözəldir. Hətta deyərdim ki, Göygölə bənzəyir, meşələrin arasında yerləşən su anbarıdır. Bir sözlə, Sərsəng su anbarının işğaldan azad edilməsi bir çox baxımdan Azərbaycana fayda gətirəcək”.

Zaira Akifqızı
Globalinfo.az