Sərsəng su anbarının taleyi necə olacaq? – Ekspert

44 günlük Vətən müharibəsindən sonra Sərsəng su anbarı vaxtaşırı müzakirə edilir. Onun taleyinin necə olacağı fərqli platformalarda müzakirəyə çıxarılır. Xatırladaq ki,  2022-ci ilin avqust ayında Azərbaycan və Ermənistanın birgə komissiyası su anbarına baxış keçirmişdilər. Həmin görüşlərdə əsasən iki məsələ – su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlara su verilməsinin bərpası müzakirə olunub. 

Sentyabrın 19-da Qarabağda növbəti antiterror tədbirlərndən sonra diqqətlər yenidən Sərsəngə yönəldi. Bu əraziyə nəzarətin bərpasının vacibliyi yenidən müzakirə olunmağa başladı. Son antiterror tədbirlərindən sonra ortaya çıxan xəritədə bu su anbarının teleyi necə olacaq?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan əslən Tərtər rayonundan olan vəkil Mehman Muradlı deyib ki, Sərsəng su anbarı 1992-ci ilə qədər Ağdərə rayonunda yerləşib.

O bildirib ki, 1992-ci ildə Azərbaycan Ali Sovetinin qərarı ilə Ağdərənin rayon statusu ləğv olunduqdan sonra həmin rayonun kəndləri Ağdam, Tərtər və Kəlbəcərə verilib:

“Sərsəng su anbarı iki rayon ərazisinə – Kəlbəcərə, böyük hissəsi də Tərtər rayonuna düşdü. Təbii ki, xəritədə su anbarı yerində qalacaq. Sadəcə, idarəetmə forması birbaşa rayondan asılı olan məsələ olmadığı üçün yerli səviyyədə həll olunan deyil. Energetika Nazirliyinin nəzarətinə verilməlidir. Bunun başqa yolu yoxdur! Məsələ bu qədər qəti olmalıdır. Oradan ermənilərə su və ya enerji verməməlidir.

SSRİ dövründə suvarma işini əsasən Tərtərdən həll edirdilər, həm də enerji təhcizatı məsələsini həyata keçirirdilər. Sərsəng su anbarı balaca deyil, amma böyük bir ərazini təmin edəcək gücdədir. Hələ o zaman Bərdə daxil olmaqla, Qarabağ ərazisini su ilə təmin edə bilirdi”.

Mehman Muradlı

M.Muradlı deyib ki, su anbarının taleyi müharibədən öncə necə idisə, yenə eyni olaraq qalacaq:

“Dediyim kimi, Energetika Nazirliyi və Azərenerjinin tabeliyinə veriləcək məsələdir. Anbarın taleyini onlar həll etmiş olacaqlar. Bu qurumlar hansı qərarı qəbul edəcəklərsə, o formada da davam edəcək. Sərsəng su anbarı Azərbaycanda ikinci böyük su anbarı idi. Ona görə də, bir qurumun nəzarəti ilə məsələ həll olan deyil. Burada hər halda 3-4 qurumun nəzarəti olmalıdır. Amma su anbarı yoxlamadan keçməlidir”.

Vəkil Su Selektrik Stansiyasın tikintisində atasının da böyük rolu olduğunu deyib:

“Hətta bir zaman xəbər çıxmışdı ki, ermənilər su anbarını dağıtmaq istəyirdilər, bu isə o deməkdir ki, Tərtər, Bərdə, Yevlax tam olaraq suyun altında qalacaqdı. Həmin vaxt ANS-TV atamdan açıqlama almışdı, atam da demişdi ki, faktiki olaraq su anbarını partlatmaq mümkün deyil. O anbarın tikintisini faktiki olaraq birbaşa Heydər Əliyev həyata keçirib. Ona görə də oranın dağıdılması mümkün olmadı”.

Zaira Akifqızı
Globalinfo.az