Şərifin Bakı səfərinin gizlinləri: Pakistanla bağlı nələr baş verir? – Politoloq detalları açır

İyunun 14-15-də Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri gözlənilir. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın müzakirə olunacağı bildirilib.

Bəs hazırkı vəziyyətdə baş nazirin səfəri necə dəyərləndirilməlidir? Bunun pərdəarxasında nə kimi detallar var?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində bir çox iş görülməlidir:

“Heç kimə sirr deyil ki, Azərbaycan-Pakistan münasibətləri bu gün hər iki dövlət rəhbəri və millətin istədiyi səviyyədə inkişaf edir. Bu gün iki dövlət arasındakı münasibətlər qibtə ediləcək səviyyədədir və durmadan inkişaf edir. Münasibətlərin yüksək səviyyədə inkişaf etməsi heç də bütün sahələrin əhatə olunması anlamına gəlməməlidir. Bu gün bütün sahələr üzrə əlaqələri inkişaf etdirmək üçün siyasi və strateji zəminlər var. Amma münasibətlər hələ də zəruri olan sahələri tam əhatə etmir və görüləsi çox işlər var. Pakistan Baş naziri Şahbaz Şərifin bu gün başlayacaq səfəri elə məhz bu zərurətdən doğub. Səfərin münasibətlərimizin inkişaf etdirilməsində yeni mərhələ olacağı şübhə doğurmur”.

Əlimusa İbrahimov

Politoloq baş nazirin Türkiyə Prezidentinin səfərindən dərhal sonra Bakıya gəlməsinə diqqət çəkib:

“Məlum olduğu kimi Pakistan Baş nazirinin səfəri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dəvəti əsasında həyata keçirilir. Bunun Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın səfərindən dərhal sonra baş verməsi üç ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsindən xəbər verir. Düşünürəm ki, baş nazir bu səfər zamanı Azərbaycan-Pakistan münasibətlərinin daha da inkişaf etdiriləcəyi və daha çox sahələri əhatə edəcəyi barədə bəyanatlar verəcək.

Bu gün bizim Pakistan kimi qardaş ölkənin yanımızda olmasına çox ehtiyacımız var. Bu əməkdaşlığın faydasını 44 günlük Vətən müharibəsi zamanı daha yaxından hiss etdik. Pakistan mənəvi və siyasi dəstəyini bizdən əsirgəmədi. Bu dəstəyin davam etdirilməsi istiqamətində yeni addımlar atılmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az