Separatçılar Paşinyana qarşı birlik yaradır – İrəvanda toplantı

Qarabağdan Ermənistana köçən qondarma rejimin nümayəndələri yaxın günlərdə İrəvanda görüş keçiriblər. Onlar bu müzakirənin detallarını daha sonra açıqlayacaqlarını bildiriblər.

Samvel Şahramanyanın iştirakı ilə keçirilən görüşə Ermənistan müxalifətindən heç kimin dəvət olunmadığı, lakin daha sonra onun Serj Sərkisyanla görüşdüyü bildirilir. Bəzi iddialara görə Qarabağdan köçən separatçılar Nikol Paşinyan hakimiyyətinə qarşı təşkilatlanmağa başlayıblar.

Müntəzəm şəkildə görüşlərin keçirilməsində separatçıların məqsədi nədir? Onlar İrəvanda nəyi planlamağa çalışırlar?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov separatçıların sadəcə bir hədəfə qarşı bir neçə məqsədlə birləşə biləcəyini deyib:

Samir Hümbətov

“Düşünürəm ki, hazırda Ermənistanda olan qondarma rejimin nümayəndələrinin mütəmadi görüşləri hansısa dairələr tərəfindən məqsədyönlü şəkildə qabardılır. Onların fəaliyyəti qəsdən yenidən aktivləşdirilir. Bu məsələ artıq Azərbaycanı əlaqələndirmir, mövzu Bakı üçün bağlanıb. Onların Azərbaycanın Qarabağ bölgəsində hansısa fəaliyyətinin olması mümkün deyil. Görünür ki, İrəvanda mövcud hakimiyyətə qarşı hərəkət etmək istəyirlər. Bu da Paşinyanın 19-20 sentyabrda keçirilən antiterror əməliyyatlarına Ermənistan ordusunun qarışmayacağına dair açıqlamasından qaynaqlanır”.

Politoloq qondarma rejimin nümayəndələrinin müəyyən qüvvələrin təsiri ilə hərəkət edə biləcəyini söyləyib:

“Separatçıların bu kimi addımları Ermənistanın son zamanlar Azərbaycana yaxınlaşma niyyətinə görə də atılmış ola bilər. İrəvanın gömrük postu qurmaqla Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəmir yolu xəttinin tikintisi məsələsi gündəmə gəldikdən sonra bu məsələ aktivləşdi. Ola bilsin ki, bunlar müəyyən daxili və xarici qüvvələrin təsiri ilə edilir. Keçmiş qondarma rejimin Ermənistandakı nümayəndələri Qarabağdan köçən erməni sakinlərdən Paşinyan hökumətinə təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Bunun arxasında ya xarici qüvvələr, ya da Ermənistanda əvvəl hakimiyyətdə olmuş Qarabağ klanı dayana bilər. Separatçılar hər nə qədər birləşməyə çalışsalar da, Paşinyana qarşı ciddi potensialları yoxdur”.

Ayşən Mustafa
Globalinfo.az