Separatçılar geri çəkildi, rus maşını Xankəndiyə gəldi – Nələr olacaq?

Rusiyanın yük maşını ilk dəfə Ağdam-Xankəndi yolu ilə Qarabağa istiqamətlənib. Kreml bu addımı ilə gərginliyin azalacağını düşünüb.  Bu erməni separatçılarının geri addımı sayılsa da, bizim istədiyimiz fərqlidir.

Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, rəsmi Bakının tələblərinə əməl olunmasa, vəziyyət stabilləşməyəcək:

“Bakıdan göndərilən 40 ton un yüklü karvan 12 gündür Ağdam-Xankəndi yolunda gözləyir. Bakı ilə təmaslar barədə də Xankəndidən xəbər yoxdur. Bunun əvəzinə separatçılar özlərinə “parlamentdə” yeni “liderlərini” seçiblər. Doğrudur, separatçıların yeni “lideri” ilk çıxışında Ağdam-Xankəndi yolundan istifadəni istisna etməyib, ancaq özündən əvvəlkilər kimi “müstəqillik” nağıllarını təkrarlayıb. Ağdam-Xankəndi yolunun açılması tələblərimizdən sadəcə biridir, separatçıların tərk-silah olunması, Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olması kimi iki başlıca tələbimiz gündəmdə ağırlığını qoruyur. Bu iki şərtimiz yerinə yetirilmədən vəziyyətin sabitləşəcəyini gözləmək yersizdir”.