Şəhid qızı imtahanda yüksək bal topladı – FOTO

Xəbər verdiyimiz kimi, ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Globalinfo.az-ın “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinə istinadən məlumatına görə, imtahanda yüksək nəticə göstərənlər arasında şəhid polkovnik-leytenant Elzamin Təhməzovun qızı Aysu Elzamin də var.

O, orta məktəbin buraxılış imtahanından yüksək nəticə – 282 bal toplayıb. A. Elzaminin həkim olmaq istədiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Elzamin Təhməzov Laçın rayonunun Malxələf kəndində anadan olub. Vətən müharibəsi başlayan zaman o, briqadanın kəşfiyyat rəisi kimi Murov yuksəkliyi və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə bir çox erməni postlarının alınmasında böyük şücaət göstərib.

Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı isə düşmən tərəfindən mühasirəyə alınan 400 əsgərimizi xilas edib. Sentyabrın 29-da düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşməsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Prezidentin Sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.