Amerika Dövlətləri Təşkilatının baş qərargahında Azərbaycan mədəni irsinə və art-terapiya təcrübəsinə həsr olunmuş ekspozisiya nümayiş etdirilib.
Globalinfo.az bildirir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan tətbiqi sənətinin və ailə modeli əsasında formalaşmış art-terapiya təcrübəsinin beynəlxalq ictimaiyyətə təqdimatına başlanılıb.
Təqdimat “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Art-terapiya: Sağlamlığın və mədəniyyətin keşiyində” layihəsi çərçivəsində təşkil olunub. Layihənin ABŞ-dakı əsas tərəfdaşı Azərbaycanın bu ölkədəki səfirliyidir.
Oktyabrın 15-də Amerika Dövlətləri Təşkilatının (OAS) Vaşinqtondakı baş qərargahında keçirilən “Oil and Icon” mədəniyyət proqramı layihənin ilk təqdimatına ev sahibliyi edib. Sərgi, konsert və qəbuldan ibarət tədbirin sərgi bölməsində Azərbaycan sənətkarlarının hazırladıqları tətbiqi sənət nümunələri ayrıca ekspozisiyada nümayiş olunub.
Ekspozisiyaya İctimai Birliyin sədri Lalə Sərdarlı kuratorluq edib. O, təşkilatın həmtəsisçisi və “Sənətdə yeni texnologiyalar və innovasiyalar” bölməsinin rəhbəri Toğrul Sərdarlı ilə birlikdə ziyarətçilərlə görüşərək nümayiş etdirilən sənət nümunələrinin ideya və məzmunu barədə məlumat verib. Tədbir iştirakçıları xüsusilə milli mədəni irsin müasir yaradıcılıq vasitələri ilə ifadəsinə və ailə modeli əsasında art-terapiya təcrübəsinə maraq göstəriblər.
Ekspozisiyanı ziyarət edənlər arasında Smithsonian İnstitutunun Milli Təbiət Tarixi Muzeyinin tədqiqatçı antropoloqu, Asiya, Avropa və Yaxın Şərq etnologiyası üzrə kuratoru, Asiya Mədəniyyəti Tarixi Proqramının rəhbəri Pol Maykl Teylor (Paul Michael Taylor) da olub. Onunla əvvəllər qurulmuş peşəkar əlaqələr Vaşinqton təqdimatında davam etdirilib. Qarşıdakı günlərdə sənət nümunələri və gələcək əməkdaşlıq perspektivləri ətrafında ayrıca müzakirənin aparılması planlaşdırılır.
Layihənin fərqləndirici cəhətlərindən biri tətbiqi sənətin yalnız mədəni irsin qorunması vasitəsi kimi deyil, həm də art-terapiya təcrübəsinin tərkib hissəsi olaraq təqdim edilməsidir. Təşəbbüs Azərbaycanda yaranmış ailə modeli əsasında art-terapiya yanaşmasının elmi müstəvidə öyrənilməsi, gələcək metodoloji əsaslarının işlənməsi və bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.
Digər istiqamət isə unudulmaqda olan sənət ənənələrinin və artıq mövcud olmayan tarixi-memarlıq abidələrinin səciyyəvi elementlərinin yeni tətbiqi sənət nümunələrində əks etdirilməsidir. Beləliklə, mədəni yaddaşın müasir bədii formalar vasitəsilə qorunması və gələcək nəsillərə ötürülməsi qarşıya məqsəd qoyulur.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə səfirliyin təşkil etdiyi mədəni tədbirlər çərçivəsində keçirilən təqdimatlar oktyabrın 16-da ABŞ–Azərbaycan Ticarət Palatasının (USACC) “Azerbaijan Culture Day: Patterns, Colors Stories” proqramında davam etdirilir. Tədbirdə Lalə Sərdarlının layihəyə dair çıxışı və sənət nümunələrinin nümayişi nəzərdə tutulur.
İctimai Birlik oktyabrın 18-də Vaşinqtonda təşkil ediləcək 24-cü İllik Türk Festivalına da qatılacaq. Festivalın qeyri-hökumət təşkilatları üçün ayrılmış hissəsində Azərbaycan tətbiqi sənət nümunələri təqdim ediləcək, ziyarətçilərlə art-terapiya təcrübəsi barədə söhbətlər aparılacaq.
Səfər proqramı çərçivəsində ABŞ-ın müvafiq elmi və mədəniyyət qurumları ilə görüş imkanları da müzakirə olunur. Bu təmasların gələcək tədqiqat və əməkdaşlıq təşəbbüsləri üçün zəmin yaratması nəzərdə tutulur.
Layihə Azərbaycan tətbiqi sənətinin beynəlxalq tanıdılmasına, milli mədəni irsin yeni ifadə formalarının nümayişinə və ölkənin mədəniyyət diplomatiyasının inkişafına töhfə vermək məqsədi daşıyır.
İsgəndər Sərdarlı



