“Seçki ilə bağlı qərarımı 3-4 günə açıqlayacam” – Sabir Rüstəmxanlı

“Adımın siyahıda olub-olmaması seçkilərdə iştirak etməyəcəyim anlamına gəlmir”.

Bu sözləri Globalinfo.az-a Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı adının partiyanın namizədlər sırasında olmamasına aydınlıq gətirərkən deyib.

O, 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısının hələ tam hazır olmadığını bildirib:

“Tam siyahı 3-4 günə çıxacaq. Hazırda yalnız qeydiyyatdan keçənlərin adları açıqlanıb. Namizədliyimi irəli sürüb-sürməyəcəyimi yekun siyahı çıxdıqda görəcəksiniz. İndi bir söz deyə bilmərəm. Qərarımı 3-4 günə açıqlayacam. Namizədliyimi irəli sürə də bilərəm, sürməyə də… Hər şey ola bilər (gülür)”.

Sabir Rüstəmxanlı həyat yoldaşı Tənzilə Rüstəmxanlının namizədliyini irəli sürməsi xəbərinə də toxunub:

“Bu, partiyanın işidir əslində. Hələ ki, qərar verilməyib. Yekun nəticələr yaxın günlərdə açıqlanacaq. Çalışırıq ki, heç olmasa 60 dairədə namizədimiz olsun”.

Zaira Akifqızı

Globalinfo.az