Şahramanyan sirləri açdı: Araikin tutulması haqda etiraf

Qarabağdan qaçan separatçıların İrəvanda Paşinyan hakimiyyəti ilə qarşıdurması davam edir.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti 44 günlük mühribəni araşdıran komissiya vasitəsilə separatçıları cilovlamağa çalışır.

Separatçıların sonuncu “başçısı” Samvel Şahramanyan da ötən həftənin sonu komissiyada dindirilib. Ermənistan mediasının məlumatına görə, Şahramanyan gözlənilənin əksinə olaraq, Paşinyana “sadiqlik andı içib”.

“Hraparak” nəşri Şahramanyanın dindirilməsi ilə bağlı detalları dərc edib.

Nəşr yazır ki, dindirilmə məxfi şəraitdə baş tutub. Komissiya üzvləri olan hakimiyyət nümayəndələri Şahramanyanı qorxutmağa çalışıblar, lakin sonuncu könüllü şəkildə hər şeyi etiraf edib.

“Şahramanyan qondarma rejimin buraxılması haqda qərarı niyə imzaladığını açıqlayıb. Bildirib ki, separatçıların keçmiş “başçıları” da vəziyyətdən çıxış yolunu bilmirdilər və buna məcbur idilər. Keçmiş “başçıların” Rusiya sükhməramlılarının qərargahında gizləndiyini da qeyd edib. Bununla yanaşı, əvvəllər danışdığı hər şeyi təkrarlayıb”, – nəşr yazır.

Şahramanyandan Ermənistanda siyasətlə məşğul olub-olmayacağı soruşulub. O bildirib ki, siyasətlə məşğul olmayacaq və Qarabağdan Ermənistana qayıdan əhaliyə “rəhbərlik” etməyəcək.

Nəşr yazır ki, hakim komandanın üzvləri sonda hər şeydən razı qalıblar: “Hətta sonda Şahramanyanın şərəfinə qonaqlıq da veriblər. Şahramanyan açıq mətnlə Paşinyana sədaqət andı içib və bildirib ki, “narahat olmayın, mən hakimiyyətə qarşı heç bir aksiyada iştirak etməyəcəm”.

Şahramanyanın təslim olmasından sonra digər separatçılar yenidən qruplaşmaq və Paşinyan hakimiyyəti ilə mübarizə aparmaq niyyətindədir. Bu prosesdə separatçıların qondarma “parlamentinin spikeri” olmuş Aşot Qulyan aktivlik nümayiş etdirir. Onun təşəbbüsü ilə “alternativ layihələr” qrupu ermənilərin Qatanağa qayıdışı məsələsini müzakirə edib. Qulyan Paşinyan hakimiyyətini qondarma “artsax elitası” ilə əlaqələri kəsməkdə ittiham edib.

Ermənistan hakimiyyətinə yaxın media isə Qulyanı sərt tənqid edib. Paşinyanı dəstəkləyən erməni jurnalist Vahram Atanesyan bildirib ki, “artsax elitası” artıq bitib.

“Etiraf etmək lazımdır ki, “artsax elitası” tükənib. 1924-cü ildə Daşnaksütyunun heç bir işi qalmadığı kimi, bu gün də “artsaxın klassik elitası”nın heç bir işi qalmayıb”, – erməni jurnalist bildirib.

Baş verənlər Ermənistanda hakimiyyətlə separatçıların qarşıdurmasında yeni mərhələnin başlandığını göstərir.