İstanbulda bomba zarafatı etmək əcnəbiyə baha başa gəldi – VİDEO

Türkiyədə noyabrın 13-ü terror aktı törədilən İstiqlal küçəsində bomba zarafatı edən bir şəxs saxlanılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən üç nəfərin əllərində paket tutaraq ərəbcə danışdıqları və bədən dili ilə ətrafdakılar arasında qorxu və həyəcana səbəb olduqlarını görmək mümkün olub.

Aparılan araşdırma nəticəsində sözügedən görüntülərin başqa bir sosial şəbəkə platformasında noyabrın 6-sı çəkildiyi və həmin şəxslərin xarici vətəndaş olduqları məlum olub. Bununla belə, onların məhz hansı ölkə vətəndaşları olduqları qeyd olunmayıb.

Videoda iştirak edən şəxslərdən biri isə Beyoğlunda qaldığı hoteldə saxlanılıb.

Digər iki şəxsin isə artıq ölkəni tərk etdiyi bəlli olub.

Xatırladaq ki, noyabrın 13-ü İstiqlal küçəsində törədilən terror aktı zamanı 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.