Sağlam vətəndaş cəmiyyətinin varlığı heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı uğurlu siyasət kursu bütün dünyada ölkəmizin nüfuzunun durmadan artmasını təmin edib. Bu gün Azərbaycanda demokratik mühit, ifadə azadlığı, sağlam vətəndaş cəmiyyətinin varlığı artıq heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir. Bütün bunların fonunda Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarıb. Ölkəmizin inkişaf modeli beynəlxalq aləmdə yüksək qiymətləndirilir”. 

Bu sözləri Globalinfo.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycanın dünyada nümunə kimi dəyərləndirilən inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri məhz ölkədə ardıcıl şəkildə həyata keçirilən islahatlarla bağlıdır:

“Çoxşaxəli islahatlar idarəetmədə çeviklik və funksionallığın artırılmasına xidmət etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını da şərtləndirir. Bu kontekstdə siyasi islahatlar kursunun əhəmiyyətini xüsusi vurğulamaq gərəkdir. Yeri gəlmişkən, bəhs edilənlər kontekstində parlament səviyyəsində reallaşdırılan islahatlar ölkəmizdə milli həmrəyliyə xidmət edən yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından olduqca önəmlidir. Yəni ölkəmizdə reallaşdırılan islahatlar fonunda 2020-ci il fevral ayının 9-da keçirilmiş parlament seçkilərindən sonra qanunverici orqanın tərkibində yenilənmə, gəncləşmə oldu. Həmçinin müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müxalifət nümayəndəsi Milli Məclis sədrinin müavini vəzifəsinə, eyni zamanda müxalifət nümayəndələri parlament komitələrinə həm sədr, həm müavin vəzifələrinə seçildilər. Bu, əlbəttə ki, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış çox mühüm addımdır. Bundan başqa, dövlət başçısının göstərişinə əsasən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinin başlanması və bu prosesin davamlı xarakter alması da xüsusi vurğulanmalıdır”.

Vüqar İskəndərov 

V.İskəndərov deyib ki, bu istiqamətdə atılan addımların uğurlu olması həm də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin öz işini günün tələbləri səviyyəsində qurması ilə bağlıdır:

“Qeyd etdiyimiz kimi, ölkəmizdə demokratiya, insan haqlarının müdafiəsi, o cümlədən müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq üçün davamlı addımlar atılıb və sözügedən istiqamətdə bu gün də addımlar atılmaqda, lazımi işlər görülməkdədir. Bu da təsadüfi deyil. Çünki dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühiti təşviq olunur. Bu məqamda dövlət başçısının rəhbərliyi ilə sözügedən istiqamətdə həyata keçirilən siyasətin reallşmasından məsul olan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin öz işini günün tələbləri səviyyəsində qurduğunu da qeyd etmək yerinə düşər”.

Deputatın sözlərinə görə, siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə Nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüşün təşkili də bu istiqamətdə atılmış növbəti uğurlu addımdır:

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin sözügedən görüşdə bəyan etdiyi kimi, siyasi partiyaların cəmiyyətdə artan rolu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biridir. Bu baxımdan təşkil olunmuş həmin görüş, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət edir”.

Zaira Akifqızı

Globalinfo.az