Sabirabadda susuzluq: sakinlər şikayətlərinə baxılmadığını deyirlər

Ölkənin bir sıra yerlərində su problemi kritik hal alır. Neftçala, Salyan, Saatlı, Sabirabad rayonlarının sakinləri təsərrüfat işləri üçün su tapa bilmədiklərini deyirlər. Bu vəziyyət Kür çayında suyun səviyyəsinin ciddi dərədə azalması ilə əsaslandırılırdı ki, yaxın günlərdə məsələnin həllini tapması ilə bağlı rəsmi dairələrdən məlumat verildi. Belə ki, Kürdə suyun səviyyəsinin artdığı bildirildi.

Amma Sabirabad rayonunun Muğan Gəncəli kəndində vəziyyətin dəyişmədiyi, əksinə, daha da pisləşdiyi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Sakinlər Globalinfo.az-a bildirib ki, yaxın zamanda kəndə panton quraşdırılıb, amma sayğacın fotosu çəkilib və sakinlərə ondan istifadənin qadağan olduğu bildirilib.

Kənd sakinləri rayonda suvarma sistemi idarəsinin nümayəndələrinə məsələ ilə bağlı müraciət etdiklərini, amma heç bir tədbir görülmədiyini, məsələyə laqeyd yanaşıldığını deyirlər. Həmçinin Kürdə suyun səviyyəsinin artmasına baxmayaraq kənd əhalisi vəziyyətin əvvəlkindən daha pis olduğunu, hətta artıq bir həftədir ümumiyyətlə suyun verilişində problemin yarandığını söyləyirlər.

Məsələ ilə bağlı Sabirabadın Suvarma Sistemləri İdarəsindən Globalinfo.az-a problemin müvəqqəti olduğu və hazırda aradan qaldırıldığı bildirilib:

“Kürün Neftçala və Salyandan keçən hissəsində yaranmış vəziyyətlə bağlı müvəqqəti tədbir həyata keçirildi. Mart ayının ikinci yarısında bu ərazilərdə suyun bərpası üçün fasilələr verildi. Doğrudur, həmin zaman müəyyən çətinliklər yaşandı. Hazırda isə bu problem aradan qalxıb, nasoslar işləyir, həmin kəndlərdə yerləşən stansiyalarda 3,7 metr kub/saniyə su vurulur. Yeni quraşdırılan panton sistemi da artıq istifadəyə verilib”.

Qeyd edək ki, Kür çayında suyun səviyyəsinin nisbətən artdığı, amma vəziyyətin tam olaraq düzəlmədiyi qeyd edilir.

Ayşən Mustafa
Globalinfo.az