Sabiq nazirlər 270 manatı belə “böldülər” – Yaşamağın minimum həddi

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün isə 235 manat məbləğində müəyyən olunub. İctimaiyyətdə sözügedən məbləğlərin az olması haqda fikirlər səsləndirilir. Maraqlıdır, Azərbaycanda 270 manatla ehtiyacları qarşılamaq mümkündürmü?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun sözlərinə görə, ehtiyac meyarı və yaşayış minimumu kimi göstəricilərdən sosial yardımların təyin edilməsində, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi, proqnozlaşdırılmasında, fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında, əhalinin pul gəlirlərinin, əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında, həyata keçirilməsində, dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında istifadə edilir.

Fikrət Yusifov

Sabiq nazir deyib ki, bu göstəricilərin yenidən baxılaraq artırılması, dövlətimizin vətəndaşlarımıza və xüsusilə də onların həssas qruplarına diqqətinin, qayğısının bariz nümunəsidir:

“Dövlət büdcəsinin xərclərinin strukturu da söylənilənləri bilavasitə təsdiq edir. Belə ki, növbəti ildə büdcə xərclərinin 43 faizə qədərini sosialyönümlü xərclər təşkil edəcək. Dövlət büdcəsinin sosialyönümlü xərclərinin 2020-ci ildəki 9 milyard 755,2 milyon manatdan 61,7 faiz və ya 6 milyard manatdan çox artırılması dövlətin vətəndaşına olan qayğısının gerçək təzahürüdür. 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542,2 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin dövlət büdcəsinin icra göstəricilərindən 1 milyard 77,8 milyon manat və ya 31,1 faiz çoxdur”.

F.Yusifov qeyd edib ki, növbəti ilin büdcəsində sosial xərclərin əhalinin daha həssas qrupları üzrə də üstün artımları nəzərdə tutulur:

“Belə ki, gələn il vətəndaşlarımızın gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də insanlarımızın sosial cəhətdən daha həssas hesab edilən təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün 2024-cü ilin büdcəsində 2 milyard 630,7 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2023-cü ilin büdcəsində bu məqsədlər üçün ayrılmış vəsaitdən 649,6 milyon manat və ya 32,8 faiz çoxdur. Bütün göstəricilər bir daha sübut edir ki, dövlət növbəti il üçün öz büdcəsini tərtib edərkən həmişə olduğu kimi, bu dəfə də ilk növbədə vətəndaşını düşünüb və onun qayğılarını qarşılamağı özünün ən mühüm vəzifəsi hesab edibdir”.

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn isə deyib ki, bu, subyektiv məsələdir.

Pənah Hüseyn

Onun sözlərinə görə, belə məsələlər nəzərə alınarkən ödənişlər əsas götürülür:

“Burada real insanların ehtiyacları əsas götürülmür. İfadənin “yaşayış minimumu” səslənməsinə baxmayaraq, əsasən maliyyə xarakterli anlayışdır. Demək olar ki, marketlərdə hər gün, hər ay fərqli qiymətlər olur. İnflyasiya və bahalaşma getdiyi üçün belə bir şəraitdə qeyd olunan göstəricilər insanların ehtiyacına qəti şəkildə cavab vermir”.

Zaira Akifqızı
Globalinfo.az