sea kitchen mineral salt spoon shaker

Son zamanlar gündəlik istifadə etdiyimiz bəzi ərzaq məhsullarının, xüsusilə şəkər tozu və duzun dad keyfiyyətində fərqliliklər müşahidə olunur. Vətəndaşlar bu məhsulların əvvəlki qədər dadlı olmadığını və ya demək olar ki, heç bir dad vermədiyini qeyd edirlər. Bunun səbəbi nədir?

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov bildirib ki, çoxları duzun keyfiyyətinin aşağı olmasını və ya mənşəyi bilinməyən maddələrdən hazırlanmasını əsas gətirir. Bu səbəbdən onun dadının olmamasından şikayətlənir. Lakin bu, çox nadir hallarda baş verir:

“Məsələ ilə bağlı geniş araşdırmalar aparılır və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məhsullar mütəmadi olaraq yoxlanılır. Əgər bir məhsulun sertifikatı varsa, bu, onun müəyyən standartlara uyğun istehsal edildiyini göstərir. Təbii ki, seçim edərkən məhsulun sertifikatına və istehsalçı şirkətə diqqət yetirilməlidir. Bəzən mütəxəssislər deyirlər ki, guya duza müxtəlif qatqılar əlavə olunur. Bəli, biz də süfrə duzunun həddindən artıq istifadəsini tövsiyə etmirik. Çünki bu duzlara axıcılığı artırmaq, rəngi qorumaq və görünüşünü yaxşılaşdırmaq üçün müəyyən qatqı maddələri əlavə olunur. Bunlar qadağan olunmuş səviyyədə deyil, lakin mütəmadi istifadəsi orqanizmə zərər verə bilər. Həmin qatqılar duzun dadına birbaşa təsir etməsə də, onun təbii tərkibini dəyişdirməsi mümkündür”.

Mütəxəssisin sözlərinə görə, bir insan gündə təxminən 5-20 qram arası duz qəbul edə bilər:

6e282d1a db70 4f4c 972b 0a3b55469eb1

“Dadın hiss olunmaması problemi duzun keyfiyyəti ilə yox, insanların qida vərdişlərinə bağlıdır. Çoxları deyir ki, əvvəllər duzun dadı vardı, indi yoxdur. Bu gün bir çox insan qaya duzundan uzaqlaşdırılır, deyilir ki, guya dəniz duzu daha faydalıdır. Bu, doğru deyil. Əksinə, qaya duzlarında daha çox mineral olur. Ən yaxşısı budur ki, insanlar qaya duzunu alıb özləri üyütsünlər və istifadə etsinlər. Çünki onun mineral tərkibi daha zəngindir. Ancaq yenə də qeyd etmək lazımdır ki, duzun dadının olmamasının səbəbi başqadır. 30-35 il əvvəl insanlar daha çox ev yeməkləri yeyərdi, yalnız günorta və axşam yeməklərində müəyyən qədər duz istifadə olunardı. İndi isə vəziyyət tam fərqlidir. İnsanlar başdan-ayağa fast foodla qidalanır: kartof qızartmaları, nageslər, müxtəlif qəlyanaltılar və sair. Bunların da hamısında həddindən artıq duz olur. Məsələn, kartofa lazım olandan iki dəfə artıq duz əlavə edilir ki, daha ləzzətli olsun. Beləliklə, insanlar çox duzlu yeməyə öyrəşir və evdə adi yeməklərə duz vuranda artıq onun dadını hiss etmirlər. Bu, bir növ alışqanlığa çevrilib”.

Ağa Salamov insanlara müraciət edib:

“Orqanizm artıq daha çox duz tələb edir. Bu vərdişi qırmaq üçün fast fooddan uzaqlaşmaq, restoranlarda daha az qida qəbul etmək lazımdır. Milli mətbəximizdə isə duz miqdarı balanslıdır və bu da sağlamlıq baxımından daha faydalıdır. Sadəcə bir dəfə fast foodda və bir dəfə milli yeməkdə eyni xörəyi yeyin, fərqi dərhal hiss edəcəksiniz. Hazırda insanlar həm duzlu, həm də şirin yeməklərə çox meyllidirlər. Şəkərli məhsullar, un məmulatları və fast food məhsullarını çox istehlak etdikləri üçün orqanizm artıq daha az duzla qane olmur. Məsələn, 200 qramlıq bir yeməyə 2 qram duz yetərlidirsə, insanlar 5 qram duz əlavə etdikdə dadını normal sayırlar. Əlbəttə, bazarda bəzən duza nişasta və ya digər maddələr qatıldığı hallar olur. Məsələn, sümük tozu və s. Lakin qeyd etmək lazımdır ki, sertifikatı olan məhsullar dövlət nəzarətindədir və bu cür halların qarşısı alınır. Ona görə də insanlar mümkün qədər yerli istehsal olan, xüsusilə də Naxçıvan duzuna üstünlük verməlidirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: