kollaj aksiya

Azərbaycanın Xankəndi şəhərində yaşayan erməni əsilli şəxslər Şuşa yolunda aksiya keçirilən əraziyə yürüş etmək istəyiblər. Lakin bu cəhd uğursuz alınıb. Belə ki, Rusiya sülhməramlıları ermənilərə icazə verməyib.

Maraqlıdır, sülhməramlılar bununla nəyə nail olmaq istəyir: erməni və azərbaycanlı aksiya iştirakçıları arasında ehtimal edilən qarşıdurmanın qarşısını almaq, yoxsa erməniləri daha çox hiddətləndirmək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Rusiya sülhməramlı kontingentinin vəzifəsi azərbaycanlı və erməni mülki əhalini bir-birinə qarşı qoyaraq qarşıdurma yaratmaq yox, bunun önünə sədd çəkməkdir:

“Xankəndidəki ermənilərin Şuşa-Laçın yolundakı azərbaycanlıların keçirdiyi aksiyalara doğru yön alaraq gəlməsi təxribat yarada bilərdi, ona görə də sülhməramlılar ermənilərin qarşısını almaq məcburiyyətində idi.

İndiki məqam üçün Rusiya maksimum şəkildə ehtiyatlı manevrlər etməlidir, sülhməramlıların reputasiyasının zədələnməsini kompensasiya etmək üçün onların funksiyasındakı müsbət praktiki xidmət nümunəsini göstərməlidir.

Bəlkə də Xankəndidəki ermənilərin azərbaycanlıların aksiya keçirildiyi yerə yürüş etmək planı elə Rusiyanın beyninin məhsuludur. Moskva həm təşkil edir, həm də bir həddən sonra qarşısını alır. Bununla göstərir ki, sülhməramlılar sülhyaratmanın bir elementidir və onlar olmasa böyük qarışıqlıq və təxribatlar baş tuta bilər.

İstənilən halda, Qarabağdakı ermənilərin revanş libasını geyinərək təxribat yaratmaq cəhdinin boğulması müsbət hadisədir və sülhməramlılar mandatlarına uyğun hərəkət ediblər”.

Globalinfo.az
Turan Rzayev

Paylaş: