Səfirlik: “Ukraynada soydaşlarımızdan xəsarət alanlar barədə məlumat daxil olmayıb”

Ukraynada vətəndaş və soydaşlarımızdan xəsarət alanlar barədə səfirliyə məlumat daxil olmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, səfirliyin binasına hər hansı zərbə dəyməyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Kiyevdə raket hücumu nəticəsində bir neçə partlayış olub. Ukrayna daxil işlər nazirinin məsləhətçisi Rostislav Smirnov bildirib ki, Kiyevin mərkəzinə raket hücumu nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb. Eyni zamanda, paytaxt Kiyevlə yanaşı, Jitomir, Poltava, Roven və Kiyev vilayətlərinə, Dnepr, İvano-Frankov, Ternopol, Xmelnitski, Konotop, Kremençuk və Kropivnitski, Xarkov və Odessa şəhərlərinə də zərbələr endirilib.