Rusların çıxdığı Azərbaycan şəhərindəki bu obyektlə bağlı qərar verildi: “Söküləcək!”

Rusiya sülhməramlı kontingentinin Xocalını tamamilə tərk etməsindən sonra müzakirələr yenidən aktuallaşıb.

Müzakirələrdə əsas iki nüansa diqqət çəkilir:

Birincisi, Xocalıdakı aeroporta Milli Qəhrəman Əlif Hacıyevin adının verilmədi, ikincisi, hava limanının inzibati binasının sökülməsi.

Xatırladaq ki, binanın sökülməsi və ümumiyyətlə, onun strukturu ilə bağlı bir müddət öncə Globalinfo.az-da yazı dərc olunub.

Maraqlıdır, son təkliflər nə dərəcədə real və mümkündür?

Görəsən, hökumət buna gedəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan əslən Xocalıdan olan deputat Elman Məmmədov deyib ki, Xocalı aeroportunda işğal dövründə separatçılardan qalan nişanələr var.

Deputat yaxın zamanda Xocalı aeroportunun söküləcəyini qeyd edib:

“İnşallah, Prezident İlham Əliyevin tapşırığı ilə Xocalı aeroportunda möhtəşəm bir xidməti bina tikiləcək. Orada hər şey yenilənəcək, aeroport ən yüksək və beynəlxalq səviyyədə fəaliyyət göstərəcək”.

Xocalı aeroportu

E.Məmmədov Xocalı aeroportuna Milli Qəhrəman Əlif Hacıyevin adının verilməsinin tərəfdarı olduğunu bildirib:

“Əlif Hacıyev 1992-ci ildə Xocalı işğal olunana kimi aeroportun komendantı idi. Eyni zamanda o, Azərbaycanın Milli Qəhrəmanıdır, fəxrimizdir. Əlbəttə, mən də istəyərəm, hava limanına qəhrəmanımızın adı verilsin”.

Memar Yaşar Babayi mövzunu Globalinfo.az-a şərh edib. Deyib ki, əslində Xocalı aeroportu sökülməlidir:

“Xocalı aeroportunu söküb, daha yaxşısını inşa etmək lazımdır. Laçında, Füzulidə sıfırdan hava limanı tikildisə, eynisini Xocalıda niyə etməsinlər?! Onsuz da aeroportda separatçıların eybəcər qartallarının forması var. Ona görə də onu orada saxlamağın adı yoxdur. Ən doğrusu hava limanını tamamilə söküb, yenisini tikməkdir”.

Memarın fikrincə, Xocalıda aeroport olmaya da bilər:

“Lakin aeroportdan istifadə olunacaqsa, yenisini inşa etmək olar. Məsələn, Füzuli rayonundakı kimi beynəlxalq hava limanı olacaqsa, bahalı yox, yalnız daxili uçuşlar nəzərdə tutulsa, o zaman sadə və böyük xərc tələb etməyən aeroport tikmək olar”.

Zaira Akifqızı
Globalinfo.az