Rusiyanın Bakıya qarşı hiyləgər planı: “Qarabağdan çıxıram, bura yerləşirəm”

 

Qarabağ ətrafında cərəyan edən proseslərin yekunlaşmamasının səbəbi ilə bağlı bir sıra versiyalar səsləndirilir. Bəzi ekspertlər hesab edirlər ki, Rusiyanın Cənubi Qafqazdan birdəfəlik çıxması bu problemin həll edilməsi ilə nəticələnəcək.

Maraqlıdır, bu kimi iddialar nə dərəcədə doğrudur?

Züriyə Qarayeva 

Mövzu haqda Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Rusiyanın 2025-ci ilə qədər Qarabağdan çıxarılması mümkünsüzdür:

“Bakı sülhməramlıların Qarabağda qalmasına ehtiyac olmadığı mesajını dəfələrlə verib. 2025-ci ildən sonrası üçün isə Kreml yeni planlar həyata keçirməyə çalışır. Bölgədə varlığını qoruyub saxlamaq üçün ən optimal yol kommunikasiyalar üzərindən nəzarəti davam etdirməkdir.
Zəngəzur dəhlizi işləkliyini təmin edərsə, Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarəti üzərinə götürəcək. Bu gün bölgədə formalaşan yeni nizam Rusiyanın əvvəlki zəmində təsir imkanlarını gündəmdə saxlamır. Məlum məsələdir ki, Ukrayna ilə savaş fonunda şimal qonşumuzun itkiləri tükürpərdici rəqəmlərlə ifadə olunur. Yeni müharibə ocağının yaradılması fiziki olaraq mümkünsüzdür. Yeni münaqişə ocağı yeni hərbi heyətin bölgəyə ezam olunması prosesini ehtiva edir. Bunu isə Rusiya ordusu faktiki edə bilməz. Əksinə, indiki siyasi, iqtisadi, hərbi reallıqlar kontekstində dəyərləndirsək, Rusiya bütövlükdə siyasi varlığını qoruması üçün Azərbaycan və Türkiyə ilə hesablaşmağa məcburdur. Çünki regionda diplomatik əlaqələrinin normal səviyyədə olduğu ölkələr məhz onlardır”.

Turan Rzayev
Globalinfo.az