
***22:26
Son bir həftədə Rusiyadan növbəti kütləvi köç başlayıb.
Globalinfo.az xəbər verir ki, bu dəfə yalnız Rusiya vətəndaşları deyil, həm də qeyri-ruslar və Rusiya vətəndaşı olmayanlar, o cümlədən azərbaycanlılar da oranı tərk etməyə başlayıblar. Deyilənə görə, bunun səbəbi Rusiya Prezidenti Vladimir Putinin imzalayacağı səfərbərlik sərəncamı ilə bağlıdır.
Rusiyada yaşayan azərbaycanlıların saytımıza verdikləri xəbərə görə, Ukrayna ilə müharibənin növbəti mərhələsi üçün 1 milyondan artıq canlı qüvvə yığılmalıdır və bu, sadə Rusiya vətəndaşlarının hesabına reallaşa bilər. Bu xəbəri eşidən Rusiyada yaşayan ruslar və qeyri-rus əhali artıq keçmiş Sovet respublikalarına üz tutmağa başlayıblar.
Bu köçdən Azərbaycan və onun paytaxtı da nəsibini almağa başlayıb. Artıq iş adamları ofislərini Bakıya köçürürlər.
Rusiyada yaşayan və işləyən daha zəngin insanlar əsasən Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, Qətərdə, Qazaxıstanda məskunlaşmağa üstünlük verirlər. Putinin Ukraynaya işğalçı hücumundan sonra Avropada ruslara qarşı münasibət həddən artıq mənfiyə doğru dəyişdiyindən rus iş adamları ərəb ölkələrində, o cümlədən MDB məkanında, həmçinin Türkiyədə yaşayış və ofis binaları almağa üstünlük verirlər. Türkiyədə artıq ötən ilin fevralından etibarən daşınmaz əmlak alan rus milyarderlərin sayı kəskin şəkildə artıb.
Ekspertlərin ilkin hesablamasına görə, Azərbaycana gələn rusiyalı iş adamları əsasən Bakıdan daşınmaz əmlak aldıqları üçün, ev və ofis qiymətləri kəskin artmağa başlayıb.
Gülnar Səlimova
Globalinfo.az