vahid ehmedov yeni1

Globalinfo.az istiqlalçı millət vəkili, iqtisadçı Vahid Əhmədovla müsahibənin birinci hissəsini təqdim edir:

– Vahid müəllim, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı keçirilidi. Prezident İlham Əliyev orda çıxış etdi. Prezidentin çıxışı həm regional, həm qlobal məkanda layları yerindən tərpədib. Bu çıxış ətrafında 1 həftədir müzakirələr gedir, təhlillər aparılır. İlham Əliyevin çıxışının əsasən bir hissəsi daha çox müzakirələrə səbəb olub. Bu çıxış qardaş Türkiyədə də günlərdir dartışılır. Prezidentin bu cavabı, sizcə, hansı ehtiyacdan doğdu?

– Yeni Azərbaycan Partiyası hakim partiyadır. Partiyanın qurultayında onun sədri, Prezident İlham Əliyev bir sıra məsələlərə aydınlıq gətirməli idi. Bu, eyni zamanda, hesabat xarakterli toplantı idi. Ona görə də Prezidentin müəyyən məsələlərə toxunması zəruri və yerində idi. Hesab edirəm ki, burada bir neçə əsas məqam var. Birincisi, Prezident dünyada iki fövqəldövlətin olduğunu qeyd etdi. Bunlardan biri Çin, digəri isə Amerika Birləşmiş Ştatlarıdır. Bu fikirdən bəzi dövlətlər, xüsusilə Rusiya müəyyən qədər narazı qaldı. Rusiya mətbuatında bununla bağlı müxtəlif çıxışlar səsləndirildi. Ancaq reallıq da Prezident İlham Əliyevin dediyi kimidir. Bu gün dünyada baş verən proseslərə nəzər salanda aydın görünür ki, ABŞ və Çin dünyanın ən qüdrətli dövlətləridir.

– Niyə məhz bu iki ölkə?

–  Birincisi, Çinin 1,4 milyarddan çox əhalisi var. İkincisi, Çin yüksək texnologiyaların inkişafında böyük irəliləyiş əldə edib və son illərdə bu sahədə ciddi nailiyyətlər qazanıb. Üçüncüsü, Çin digər dövlətlərlə əlaqələrini genişləndirib və bu münasibətləri yüksək səviyyədə inkişaf etdirib. Eyni zamanda, Çin birbaşa müharibələrə qoşulmaqdan çəkinir. Bütün bunlar ölkənin inkişafına müsbət təsir göstərir. Beynəlxalq mətbuatda yayımlanan məlumatlar və müxtəlif mənbələr də göstərir ki, Çin süni intellektin inkişafında ön sıralardadır.

Buna görə də Çinin imkanları kifayət qədər genişdir. Çin İpək Yolunun inkişafı və fəaliyyətinin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edir. Söhbət Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan Azərbaycana, Gürcüstana, Türkiyəyə və oradan Avropaya uzanan böyük logistika marşrutundan gedir. Bu yolun strateji əhəmiyyəti çox böyükdür. Bütün bunlar Çinin qüdrətli, fövqəldövlət olduğunu göstərir.

– Bəs ABŞ necə?

– İkinci fövqəldövlət Amerikadır. ABŞ kifayət qədər inkişaf etmiş ölkədir. Onun texnoloji, hərbi və kosmik imkanları çox genişdir. Bundan əlavə, ABŞ-ın okeanlara və dənizlərə birbaşa çıxışı var. Bu da ölkənin logistika baxımından üstünlüklərini artırır. Hava hücumundan müdafiə və hərbi aviasiya sahələrində də ABŞ-ın imkanları çox güclüdür. Bir sıra istiqamətlərdə onun Çindən üstün olduğunu söyləmək mümkündür. Beləliklə, hazırda ABŞ və Çin iki əsas fövqəldövlət kimi dünya proseslərinə və beynəlxalq münasibətlər sisteminin formalaşmasına ciddi təsir göstərirlər. Noyabr ayında Çin Prezidentinin ABŞ-a səfərinin gözlənilməsi də diqqətçəkən məqamlardandır. Güman edirəm ki, həmin səfər zamanı bir sıra məsələlər müzakirə olunacaq və müəyyən qərarlar qəbul ediləcək.

WhatsApp Image 2026 10 09 at 15.38.55

– Vladimir Putin öz çıxışlarında Rusiyanın fövqəldövlət olmadığını bildirib. Səbəb nə ola bilər?

– Əlbəttə, keçmiş SSRİ güclü iqtisadi və hərbi bazaya malik idi, ətrafında çoxsaylı dövlətlər birləşmişdi. Rusiyanın üzərinə isə fövqəldövlət statusunun tələb etdiyi məsuliyyəti götürmək baxımından fərqli yanaşmaq lazımdır. Çünki fövqəldövlət olmaq yalnız hərbi gücə malik olmaq deyil, həm də dünya sisteminin formalaşmasında böyük məsuliyyət daşımaq deməkdir. Hesab edirəm ki, Prezident İlham Əliyev bu məsələyə tamamilə düzgün qiymət verdi. Diqqət yetirsək, Azərbaycanın həm Çinlə, həm də ABŞ-la iqtisadi və siyasi əlaqələri yüksək səviyyədədir. Heç kim gözləməzdi ki, ABŞ-da Qarabağla bağlı bəyanat və saziş imzalansın. Rusiya daha çox bu istiqamətdə təşəbbüs göstərməyə çalışırdı, lakin gözlənilən nəticə əldə olunmadı. Çinlə iqtisadi əlaqələrimiz də ciddi şəkildə inkişaf edir. Müxtəlif müqavilələr imzalanıb və Çin istehsalı olan texnika Azərbaycanda geniş istifadə olunur. Deməli, Azərbaycan Prezidenti hər iki fövqəldövlətlə münasibətlərin inkişaf etdirilməsi istiqamətində uğurlu xarici siyasət həyata keçirir. Buna görə də bu məsələdə inciməyə əsas yoxdur.

– Qurultayda diqqət çəkən digər məqam Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə ilə bağlı idi…

– Bəzi qüvvələr bu qələbəni öz xidmətləri kimi təqdim etməyə çalışırlar. Biz heç vaxt bizə göstərilən yardımı inkar etmirik. İsrail də, Türkiyə də Azərbaycana müəyyən dəstək verib. Ancaq Azərbaycan 3 mindən çox şəhid verib, 12 mindən çox qazimiz var. Müharibə ilə bağlı qərarı Azərbaycanın dövlət başçısı verib və bütün məsuliyyəti öz üzərinə götürüb. Həmin qərar qəbul edilərkən müharibədə məğlub olmaq ehtimalı da var idi. Çünki müharibənin nəticəsini əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil. Prezident bu qərarla öz həyatını da riskə atdı, qələbənin əldə olunması üçün əlindən gələni etdi. Ordunun gücləndirilməsi, müasir silahlarla təchizatı istiqamətində də mühüm işlər görüldü. Bu baxımdan, Azərbaycanın qələbəsini yalnız kənardan göstərilən yardımla əlaqələndirmək düzgün olmazdı.

– Son günlər Türkiyənin sosial şəbəkə seqmentində Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Bu, münasibətlərə təsir edirmi?

– Azərbaycanla Türkiyə arasında münasibətlər qardaşlıq səviyyəsindədir. Ayrı-ayrı məsələlərlə bağlı müəyyən müzakirələr və fikir ayrılıqları ola bilər. Ancaq müharibədən sonrakı dövrdə Türkiyə şirkətləri Azərbaycanın inkişafında, xüsusilə Qarabağın bərpasında fəal iştirak edirlər. Bu əməkdaşlıq ölkəmizin digər ərazilərində də davam edir. Buna görə də Azərbaycan-Türkiyə münasibətlərində qeyri-adi bir məqam görmürəm. Digər tərəfdən, vaxtilə Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün olduğu dövrdə ölkəmizə lazımi dəstək göstərilmədi. İlham Əliyev bunu açıq şəkildə dedi. Azərbaycan problemlərini əsasən öz imkanları hesabına həll etməli oldu. Bu gün isə Azərbaycan ayaq üstə dayanmağı bacaran, qüdrətli dövlətə, güclü və müasir orduya malik ölkəyə çevrilib. İndi bəzi qüvvələr yenidən Azərbaycanı öz təsir dairələrində saxlamağa çalışırlar. Lakin artıq əvvəlki vəziyyət yoxdur.

Prezidentin çıxışında Azərbaycanın suveren dövlət olması və suverenliyini tam bərpa etməsi məsələsi də xüsusi vurğulandı. Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra suverenliyini tam bərpa edib. Hesab edirəm ki, Prezidentin qurultaydakı çıxışını yüksək qiymətləndirmək lazımdır. O, Azərbaycan xalqının və dövlətinin əldə etdiyi nailiyyətləri, görülən işləri açıq şəkildə ifadə etdi.

Bəzi dövlətlərin Azərbaycana münasibətdə fərqli mövqe sərgiləməsi də müəyyən maraqlarla bağlıdır. Azərbaycan coğrafi və logistik baxımdan çox əlverişli mövqedə yerləşir. Çin, Rusiya, İran və digər dövlətlər bu ərazidən keçməklə müxtəlif məhsulların və yüklərin daşınmasında maraqlıdırlar. Buna görə də hər biri Azərbaycanla münasibətlərini inkişaf etdirməyə çalışır.

Azərbaycan isə açıq xarici siyasət yürüdür. Mən həmişə demişəm ki, İlham Əliyevin siyasəti açıq siyasətdir. Azərbaycan heç kimlə münasibətlərini gizli şəkildə qurmur. Kiminlə əməkdaşlıq etmək mümkündürsə, həmin dövlətlə əlaqələr inkişaf etdirilir.

WhatsApp Image 2026 10 09 at 15.38.56

Ermənistanla münasibətlərdə baş verən dəyişikliklərə də diqqət yetirmək lazımdır. Bu gün Ermənistanın iqtisadi baxımdan ayaqda qalmasına müəyyən mənada Azərbaycanın atdığı addımlar da təsir göstərir. Prezidentin qərarı ilə Ermənistana neft məhsullarının ixracı təşkil olunub. Rusiyadan Ermənistana gedən taxılın Azərbaycan ərazisindən keçməsinə şərait yaradılıb, həmçinin gübrə və digər məhsulların tədarükü ilə bağlı addımlar atılıb. Halbuki hələ sülh sazişi imzalanmayıb. Azərbaycan bu addımları sülhə və regional əməkdaşlığa töhfə vermək, münasibətlərin daha da inkişafına şərait yaratmaq məqsədilə atıb.

Buna görə də hesab edirəm ki, heç kimin Azərbaycandan inciməyə haqqı yoxdur. Vətən müharibəsindəki qələbə Azərbaycan xalqının, ordusunun, əsgər və zabitlərinin, eləcə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.

– Vahid müəllim, Nikol Paşinyan Azərbaycan dilində mahnılar dinləməyə başlayıb və bunu açıq şəkildə nümayiş etdirir. Məsələn, müğənni Zeynəb Həsənlinin “Aram-aram” mahnısını dinləyib. Sizcə, onun Azərbaycan mahnılarına qulaq asması müəyyən mesaj daşıyırmı?

– Mən sizə deyim ki, Paşinyanın hərəkətlərində müsbət məqamlar kifayət qədər çoxdur. Azərbaycanla münasibətlərinə diqqət yetirsək, bunu görmək mümkündür. Hətta bu yaxınlarda hərbi qulluqçumuzla bağlı müəyyən problem yarananda da Paşinyan bildirdi ki, məsələ həll olunmalıdır və belə bir hadisə baş verməməli idi. Ümumiyyətlə, o başa düşür və ya ətrafındakılar ona izah edirlər ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qurulmasa, Ermənistanın bir dövlət kimi gələcəyi sual altında qala bilər. Mən bunu həmişə demişəm və indi də həmin fikirdəyəm:  Azərbaycanın və Türkiyənin inkişafı Ermənistan üçün də ciddi təsirə malik olacaq. Buna görə də Paşinyan Azərbaycanla əlaqələri yüksək səviyyədə qurmağa çalışır. Hesab edirəm ki, atdığı addımların müəyyən məqsədi də budur. Digər tərəfdən, Paşinyanın əvvəllər də Azərbaycana münasibətinin yaxşı olduğunu deyənlər var. Hətta onun nəsil şəcərəsində Azərbaycanla bağlı qohumluq əlaqələrinin olduğunu söyləyənlər də mövcuddur. Mən də bu baxımdan onun addımlarını müsbət qiymətləndirirəm.

– Ermənilərə bundan sonra güvənmək olarmı?

– Ermənistan yenə Ermənistandır… Bu gün sülh müqaviləsi hələ də imzalanmayıb. Biz müqavilənin imzalanmasını gözləyirdik, lakin proses uzanır. Gözləyirdik ki, Ermənistanda seçkilər başa çatdıqdan və baş nazirin səlahiyyətləri təsdiqləndikdən sonra konstitusiyaya dəyişiklik edilər, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılar və nəhayət, sülh müqaviləsi imzalanar. Ancaq bu məsələ yenə uzanır. İkinci mühüm məqam Ermənistanda ciddi silahlanmanın davam etməsidir. Ermənistan Hindistandan silahlar alır, digər dövlətlərlə əlaqələr qurur və silahlanma üçün müxtəlif yardımlar əldə edir. Sual yaranır: Ermənistan niyə bu qədər silahlanır? Axı onun Rusiya ilə müharibə aparmaq niyyəti yoxdur və bu ölkə böyük hərbi gücə malik deyil. Ermənistan kiçik dövlətdir. Bütün bunlar müəyyən narahatlıq doğurur.

Digər tərəfdən, Ermənistan ordusunun generallarının tez-tez sərhədə gəlməsi, sərhəd bölgələrinə baxış keçirməsi də diqqət çəkir. Onların hansı məqsədlə bu addımları atdıqlarını dəqiq bilmirəm. Ancaq hesab edirəm ki, Azərbaycan ehtiyat tədbirlərini görməli və təhlükəsizliyini möhkəmləndirməlidir.

09d7a559 442d 40de aa8a d0690b5a7cc3

Prezident İlham Əliyevin 2027-ci ilin dövlət büdcəsində təhlükəsizlik və müdafiə sahəsinə təxminən 9 milyard manat vəsait ayrılmasını nəzərdə tutması da bu baxımdan əhəmiyyətlidir. Bu, böyük məbləğdir. Həmin vəsait hesabına əlavə silahlar alınmalı, müdafiə istehkamları qurulmalı və sərhəd zonasında təhlükəsizlik daha da gücləndirilməlidir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdəki kəndlərə əhalinin köçürülməsi prosesi də sürətləndirilməlidir ki, insanlar həmin ərazilərdə məskunlaşsınlar. Bir sözlə, münasibətlərdə müsbət addımların atılması yaxşı haldır. Ancaq bir atalar sözü var: düşmənlə dost olsan da, ehtiyatı əldən vermək olmaz.

– Sizcə, sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlılar Ermənistana rahat şəkildə səfər edə biləcəklərmi? Söhbət ermənilərdən getmir, təbii ki. Biz qonaqpərvər xalqıq, həm dostu, həm də düşməni qəbul etməyi bacarırıq. Bəs azərbaycanlılar ata-baba yurdlarını ziyarət etmək üçün Ermənistana gedə biləcəklərmi?

– Hesab edirəm ki, bu, mümkün olacaq və həmin məsələlər öz həllini tapacaq. Ancaq proses Ermənistanın atacağı addımlardan asılıdır. Ermənistan sülh müqaviləsini nə qədər tez imzalasa, bu məsələlərin həlli də bir o qədər sürətlənər. Hamı başa düşür ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını uzadır. Halbuki bu prosesi ləngitməməli, konstitusiyasında dəyişikliklər etməli və Türkiyə ilə Azərbaycana qarşı ərazi iddialarını, o cümlədən işğalla bağlı müddəaları aradan qaldırmalıdır. Beləliklə, bu məsələlər birdəfəlik həllini tapmalıdır.  Bu proses bir il, iki il, hətta beş il çəkə bilər. Ancaq hesab edirəm ki, gələcəkdə gediş-gəliş əvvəlki qaydada bərpa olunacaq.

Digər tərəfdən, ABŞ-da razılaşdırılan və Zəngəzur dəhlizi ilə əlaqələndirilən TRIPP layihəsinin də istifadəyə verilməsi gözlənilir. Hazırda İran və Rusiya tərəfindən müəyyən maneələr olsa da, hesab edirəm ki, bu layihənin reallaşması üçün lazımi addımlar atılacaq. ABŞ fövqəldövlətdir və layihənin həyata keçirilməsinə razılıq verib, bununla bağlı maliyyə vəsaiti də ayrılır.

Mənə elə gəlir ki, layihə 2027-ci ildə istifadəyə verilə bilər. Onun reallaşması bölgədəki vəziyyəti Azərbaycanın xeyrinə dəyişəcək. Azərbaycan iqtisadi baxımdan da əhəmiyyətli dividendlər əldə edəcək. Çünki bu marşrut gələcəkdə İpək Yolu ilə də birləşdirilə bilər. Buna görə də hesab edirəm ki, sözügedən layihə çox böyük əhəmiyyət daşıyır.

– Vahid müəllim, uzun illər yüksək vəzifələrdə işləmisiniz. Azərbaycanın son 40 illik dövründə sizin həm məmur, həm də deputat kimi yaxından fəaliyyətiniz olub. Sovet vaxtında, müstəqillik illərində müxtəlif dövlət vəzifələri tutmusunuz. Bir neçə rəhbərlə, prezidentlə, baş nazirlə eyni komandada təmsil olunmusunuz. Müharibələr, çevrilişlər, qiyamlar, qarşıdurmalar görmüsünüz. Çətin dövrlərdən keçmisiniz. İndi bunların heç biri yoxdur, amma yenə də təhlükə, çətinlik, ümumi gərginlik var. Bunu nə ilə izah etmək olar?

– Ümumi gərginlikdən danışarkən, nəzərə almaq lazımdır ki, İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatdıqdan sonra dünyada yeni siyasi düzən formalaşmağa başladı. SSRİ ilə Qərb arasında qarşıdurma dərinləşdi, Varşava Müqaviləsi Təşkilatı yaradıldı və dünya təsir dairələrinə bölündü. İndi isə dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Hazırda baş verən müharibələrin əsas səbəblərindən biri də məhz bu proseslə bağlıdır. Mən bu müharibələrin qısa müddətdə başa çatacağını düşünmürəm. Məsələn, Rusiya-Ukrayna müharibəsi, İsraillə İran arasında və ABŞ-ın da iştirak etdiyi hərbi qarşıdurmalar gündəmdədir. Hesab edirəm ki, bütün bu hadisələr dünyanın yenidən bölüşdürülməsi uğrunda gedən proseslərlə əlaqəlidir. Burada əsas məsələ Çin, ABŞ və digər dövlətlərin yeni dünya düzənində hansı mövqedə yer alacağıdır.

Sovet dövründə vəziyyət tamamilə fərqli idi. O zaman SSRİ-nin, Avropanın və ABŞ-ın təsir dairələrinin sərhədləri, eləcə də beynəlxalq münasibətlər sistemindəki mövqeləri daha aydın görünürdü. İndi isə həmin sistem dəyişib. Sovet sistemi artıq mövcud deyil, fərqli iqtisadi və siyasi münasibətlər formalaşıb. İqtisadi sahədə də kifayət qədər ciddi problemlər var. Hesab edirəm ki, dünya düzəninin yenidən formalaşması prosesi başa çatana qədər müharibələr və gərginliklər davam edəcək. Fikrimcə, bu proseslər təxminən 2030-cu illərə qədər uzana bilər.

– Söhbət sadəcə daxili təhlükələrdən getmir. İki qonşumuzda – İran və Rusiyada müharibə gedir. Hər ikisi də kollektiv Qərbin – ABŞ-ın, Avropanın, İsrailin hədəfindədir. Bu prosesin sonunu necə görürsünüz? Azərbaycanı bu “odlar vadisində” hansı perspektivlər gözləyir? Biz uzun müddət ölkəmizi təhlükələrdən, müharibələrdən qoruya biləcəyik? Bu vəziyyət nə vaxta kimi davam edəcək?

– Dediyiniz bu iki müharibə həqiqətən də, çox ciddi münaqişələrdir. İlk növbədə, Rusiya-Ukrayna müharibəsinə nəzər salaq. Əvvəldən bu müharibənin qısa müddətdə başa çatacağı, Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı çoxsaylı proqnozlar səsləndirilirdi. Ancaq ukraynalılar mərdliklə vuruşdular. Öz torpaqlarını müdafiə etmək üçün, nə qədər itki versələr də, geri çəkilmədilər. Bu gün də müəyyən uğurlar əldə edirlər. Düzdür, Avropa və ABŞ Ukraynaya müəyyən qədər yardım göstərir. Bu proses Rusiyada ciddi tənəzzül baş verənə qədər davam edə bilər. Rusiyanın daxilində həm iqtisadi, həm də siyasi problemlər var. Hazırda bəzi məlumatlar ictimaiyyətə açıqlanmır. Rusiyanın regionlarında da müəyyən etirazların keçirildiyi, Vladimir Putinin istefasının tələb olunduğu barədə məlumatlar yayılır. Rusiya rəhbərliyi, xüsusilə Vladimir Putin başa düşür ki, müharibə başa çatarsa, onun istefası tələb oluna bilər. Eyni zamanda, müharibədəki itkilərə görə məhkəmə qarşısında cavab verməsi məsələsi də gündəmə gələ bilər. Buna görə də hesab edirəm ki, Rusiya müharibəni başa çatdırmaqdan daha çox, onu davam etdirməkdə maraqlıdır.

Rusiya-Ukrayna müharibəsinə gəlincə, mən düşünürəm ki, müharibələrdə kimin qalib, kimin məğlub olmasından asılı olmayaraq, sonda məsələlər danışıqlar masası arxasında həll edilir. Bu münaqişə də nəticədə danışıqlar yolu ilə həllini tapacaq. Rusiyanın bəxti gətirdi ki, ABŞ-da Donald Tramp hakimiyyətə gəldi və onun dövründə Rusiyaya münasibətdə müəyyən qədər yumşaq mövqe nümayiş etdirildi. Ancaq bu yanaşmanın həmişə davam edəcəyini düşünmək olmaz. Çünki Ukraynanın ərazi bütövlüyü məsələsi gündəmdədir və Ukrayna öz torpaqlarından imtina etmək niyyətində deyil.

WhatsApp Image 2026 10 09 at 15.38.55 2

Mən Ukraynada olmuşam və bu ölkənin rəhbərliyi ilə, o cümlədən prezident və baş nazirlə yüksək səviyyədə əlaqələrim olub. Ukrayna öz ərazilərini vermək fikrində deyil və müharibə hələ müəyyən müddət davam edəcək. Gələcəkdə Rusiyanın parçalanması, ayrı-ayrı regionların və respublikaların müstəqillik əldə etməsi ehtimalını da istisna etmirəm. Mənə elə gəlir ki, Rusiya indiki ərazisi və mövcud quruluşu ilə əvvəlki kimi qala bilməyəcək. Rusiya-Ukrayna müharibəsinin gələcəyini bu cür görürəm.

İranla bağlı vəziyyət isə fərqlidir. Corc Buşun prezidentliyi dövründən başlayaraq, daha sonra Barak Obama və Co Baydenin hakimiyyəti zamanı da İrana hücum edilməsi ilə bağlı müxtəlif çağırışlar olub. Ancaq həmin prezidentlər bu addımı atmadılar. Donald Tramp isə kifayət qədər riskli qərar verdi. İsraillə razılaşaraq onun İrana qarşı hərbi əməliyyatlar aparmasına şərait yaratdı. İran kifayət qədər qüdrətli dövlətdir. Mən bunu açıq deyirəm. 1992-ci ildə rəsmi səfərlə İranda olmuşam və ölkənin müdafiə sənayesi ilə tanış olmuşam. İranın müdafiə sənayesi kifayət qədər güclüdür. Bundan başqa, İran neft ixrac edən ölkədir. Əvvəllər ildə təxminən 140 milyon tona yaxın neft ixrac edirdi. Hazırda sanksiyalara baxmayaraq, neft ixracını davam etdirir.

Ona görə də hesab edirəm ki, İranla bağlı müharibə də müəyyən müddət davam edə bilər. ABŞ öz məqsədlərinə çatana qədər bu qarşıdurmanın davam edəcəyini düşünürəm. Fikrimcə, əsas məqsədlərdən biri İranın neft ehtiyatları və onların üzərində nəzarətlə bağlıdır. İran hakimiyyətinin dəyişdirilməsi məsələsi də gündəmə gətirilir. Ancaq Venesuela nümunəsinə baxaq: orada hakimiyyət dəyişikliyi baş verdi, Nikolas Maduro hakimiyyətdən uzaqlaşdırıldı, lakin dövlət idarəçiliyindəki digər şəxslər fəaliyyətlərini davam etdirdilər. Eyni zamanda, ABŞ şirkətləri Venesuelanın neft sektorunda mövqelərini gücləndirərək neftin satışı və idarə olunması prosesində mühüm rol əldə ediblər. Hesab edirəm ki, ABŞ-ın İranla bağlı məqsədlərindən biri də ölkənin neft sektoruna nəzarəti ələ keçirməkdir.

– Amerika buna nail ola biləcəkmi?

– Hər şey mümkündür. Tərəflər razılığa gələ də bilərlər, gəlməyə də. Çünki İranı dəstəkləyən və ona yardım göstərən dövlətlər var. Rusiyanın İranla ciddi əlaqələri mövcuddur, Çinin də müəyyən qədər yardım göstərməsi mümkündür. Buna görə də hesab edirəm ki, bu qarşıdurma hələ uzun müddət davam edə bilər. Donald Trampın mövqeyinə gəlincə, mənə elə gəlir ki, onun əsas məqsədlərindən biri İranın neft ehtiyatları üzərində nəzarəti ələ keçirməkdir. Məsələnin mahiyyəti bundan ibarətdir. Ancaq İranın öz daxilində də mürəkkəb proseslər gedir. Bildiyiniz kimi, ölkədə hakimiyyətin müxtəlif mərkəzləri var. İranın idarə olunmasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mühüm rolu var. İranın neft sektoruna nəzarətdə də bu qurumun təsiri böyükdür. SEPAH-ın rəhbərliyində yüksək rütbəli generallar təmsil olunur. İsrailin hücumları nəticəsində SEPAH-ın bir sıra yüksək vəzifəli şəxsləri öldürülsə də, qurum ölkədəki təsirini qoruyub saxlayır və mühüm qərarların qəbulunda rol oynamaqda davam edir. İranın dini lideri Əli Xameneinin yerinə keçən oğlunun da SEPAH-ın təsiri altında olduğu qənaətindəyəm.

WhatsApp Image 2026 10 09 at 15.38.55 5

– Amma Müctəba Xameneinin də öldüyünə dair məlumatlar var…

– Bu barədə söhbətlər var, ancaq hələlik həmin məlumatlar rəsmi şəkildə açıqlanmır. Mən özüm də bununla bağlı hər hansı təsdiqlənmiş məlumat görməmişəm. Deyilənə görə, sağdır. Ancaq bu məlumatın nə dərəcədə doğru olduğunu söyləmək mümkün deyil. Bununla belə, onun adından faktiki olaraq istifadə edirlər. Ümumiyyətlə, İranla müharibə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki İran bizim qonşu dövlətimizdir və bu ölkə ilə ciddi iqtisadi və siyasi əlaqələrimiz var. Diqqət yetirsəniz, Prezident İlham Əliyev mütəmadi olaraq İranla münasibətlərin inkişafı istiqamətində addımlar atır, İranın rəhbər şəxsləri də Azərbaycana səfərlər edirlər. Müəyyən əlaqələr qurulub və əməkdaşlıq davam edir. Düzdür, hazırda sərhədlərlə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Ancaq Azərbaycanın cənub bölgəsinin sakinləri əvvəllər İrana tez-tez səfər edirdilər. Onlar həm tibbi xidmətlərdən yararlanmaq, həm də ərzaq ehtiyaclarını qarşılamaq üçün qonşu ölkəyə gedirdilər. Biz İranla müharibənin tərəfdarı deyilik. Bu müharibə nə qədər tez başa çatsa, Azərbaycan üçün bir o qədər yaxşı olar. İran bizim qonşumuzdur və güclü dövlətdir. İstəyirik ki, iki ölkə arasındakı münasibətlər yüksək səviyyədə olsun.

Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri İrana səfər edib. Baş nazirin müavini Şahin Mustafayev də mütəmadi olaraq İran tərəfi ilə əlaqələr saxlayır. Bütün bunlar münasibətlərin qorunub saxlanmasına və inkişafına xidmət edir.

Prezident İlham Əliyev Cəbrayılda olarkən, müharibə yenicə başa çatmışdı və ona İranla münasibətlər barədə sual verilmişdi. Prezident həmin vaxt bildirmişdi ki, İran Azərbaycanın dostu olan müsəlman dövlətidir və iki ölkə arasında heç bir problem yoxdur. Halbuki həmin dövrdə İranın müharibə zamanı Ermənistana yardım göstərdiyi barədə məlumatlar da var idi. Buna baxmayaraq, İlham Əliyev münasibətlərə konstruktiv yanaşaraq İranı dost ölkə kimi xarakterizə etdi və iki dövlət arasında problem olmadığını vurğuladı. Hesab edirəm ki, bu yanaşma Azərbaycanın qonşularla münasibətlərə verdiyi əhəmiyyəti göstərir.

– İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Baş nazirin müavini Şahin Mustafayevin əlini qeyri-adi formada sıxması narazılığa səbəb oldu. Bəziləri bunun qəsdən edildiyini, digərləri isə Rzayinin qolunun yaralı olması səbəbindən belə salamlaşdığını iddia edir. Sizcə, Rzayi niyə belə etdi?

– Bizim mətbuat belə məsələləri çox tez işıqlandırır, bəzən isə şişirdir. Əvvəla, o da insandır. Görüş zamanı əlini hansısa səbəbdən düzgün tutmamış ola bilər. Şahin Mustafayev orada Prezidentlə, daha sonra baş nazir və digər şəxslərlə də görüşüb. Həmin görüşlərdə heç bir problem yaşanmayıb. İndi bir foto yayılıb və həmin görüntü əsasında müxtəlif fikirlər səsləndirilir, guya Möhsün Rzayi Şahin Mustafayevlə pis formada salamlaşıb. Məncə, belə yanaşmaq düzgün deyil. Azərbaycanla İran arasında müəyyən problemlərin olduğunu başa düşürəm. Ancaq bu məsələlər o səviyyədə deyil ki, salamlaşma tərzi üzərindən belə nəticələr çıxarılsın. Bunlar siyasi və protokol çərçivəsində keçirilən görüşlərdir. Birinin əlini necə tutması, necə salamlaşması xırda detallardır. Düşünürəm ki, bu cür məsələləri yüksək səviyyədə müzakirə etməyə ehtiyac yoxdur.

– Az öncə quru sərhədlərlə bağlı danışdınız və onların bağlı qalmasının hazırda Azərbaycana sərf etmədiyini bildirdiniz. Sizcə, quru sərhədlər nə vaxt açıla bilər?

– Ümumiyyətlə, quru sərhədlərin bağlı qalması Azərbaycana xeyir gətirmir, əksinə, iqtisadiyyatımıza ciddi ziyan vurur. Ona görə də sərhədlər nə qədər tez açılsa, bir o qədər yaxşıdır. Hazırda Gürcüstanla sərhəddən gediş-gəliş məsələsinin müəyyən qədər həlli istiqamətində addımlar var. Mən əvvəllər də bu barədə danışmışdım. İndi başa düşürəm ki, Azərbaycana qarşı təhdidlər kifayət qədər böyükdür. Ölkəmizə kənardan ciddi təzyiqlər var. Azərbaycanın müstəqil və suveren siyasət yürütməsini istəməyən, onun inkişafını qəbul edə bilməyən qonşu dövlətlər – Rusiya və İran da mövcuddur. Sərhədlərin bağlı qalmasının müəyyən dərəcədə bu təhdidlər və regionda davam edən müharibələrlə əlaqəli olduğunu düşünürəm.

WhatsApp Image 2026 10 09 at 15.38.55 4

Bununla belə, əvvəllər də təklif etmişəm, indi də eyni fikirdəyəm ki, heç olmasa, Gürcüstanla quru sərhədimizi müəyyən şərtlərlə açmalıyıq. Sərhəddə ciddi yoxlamalar aparıla bilər, amma insanlar gediş-gəliş imkanından yararlanmalıdırlar. Beləliklə, Rusiyada yaşayan azərbaycanlılar Gürcüstan vasitəsilə ölkəmizə gələ, eləcə də Gürcüstanda olan insanlar Azərbaycana səfər edə bilərlər. Hesab edirəm ki, sərhədin heç olmasa müəyyən hissəsinin açılmasına ciddi ehtiyac var. Ancaq regionda müharibələr davam etdikcə, quru sərhədlərin bağlı qalması ehtimalı da yüksəkdir.

– Bəzi ekspertlər hesab edir ki, hazırkı proseslər Azərbaycanın xeyrinədir. Rusiya və İran kimi imperiya ambisiyaları olan dövlətlərin zəifləməsi, Azərbaycanın işğal tarixində mənfi rolu olan Tehran və Moskvanın məğlubiyyəti ölkəmiz üçün yeni perspektivlər aça, eyni zamanda, bu dövlətlərdən qaynaqlanan təhlükələri azalda bilər. Siz bu fikirlə razısınız?

– Mən bu fikirlərlə razıyam. Çünki İran və Rusiya uzun illərdir Azərbaycan üçün təhlükə mənbəyi olub. İranla bağlı əsas məsələlərdən biri bu ölkədə 30 milyondan çox azərbaycanlının yaşamasıdır. Onlar bizim soydaşlarımızdır. İstəyirik ki, İranda azərbaycanlılar üçün hər cür şərait yaradılsın. Təəssüf ki, hazırda onların ana dilində təhsil ala biləcəyi məktəblər, mədəniyyət müəssisələri və digər imkanlar yoxdur. İran bu istiqamətdə addımlar atmalıdır, amma hələlik bunu etmir. Düzdür, hazırda İran Prezidenti Məsud Pezeşkian müəyyən addımlar atır. Diqqət yetirsəniz, o, Azərbaycan dilində şeirlər söyləyir, mahnılar oxuyur. Ancaq bizim gözləntilərimizə uyğun olan bir sıra məsələlər hələ də həyata keçirilmir.

Digər tərəfdən, Rusiya tarixən Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb. Bu gün də Azərbaycanı öz təsir dairəsində saxlamağa çalışır. Ona görə də bu dövlətlərin zəifləməsi, müəyyən mənada, Azərbaycanın maraqlarına uyğundur. Lakin məsələnin başqa tərəfi də var. Azərbaycanla həm İranın, həm də Rusiyanın geniş iqtisadi əlaqələri mövcuddur. Bu ölkələrlə böyük ticarət dövriyyəmiz, idxal və ixrac əlaqələrimiz var. Bu baxımdan, onların həddindən artıq zəifləməsi iqtisadi münasibətlərimizə də mənfi təsir göstərə bilər. Rusiyanın ən böyük problemi isə onun işğalçılıq siyasətidir. Orada kimin prezident olmasından asılı olmayaraq, Rusiya keçmiş SSRİ dövründə olduğu kimi, 15 respublikanı öz təsiri və nəzarəti altında saxlamağa çalışır. Halbuki bu ölkələr suveren dövlətlərdir, öz konstitusiyaları və rəhbərləri var, müstəqil siyasət yürüdürlər. Ona görə də hesab edirəm ki, bu dövlətlərin müəyyən qədər zəifləməsi Azərbaycanın inkişafına və çiçəklənməsinə xidmət edə bilər.

(Müsahibənin davamı olacaq…)

Müxbir: Zaira Akifqızı
Foto: İntiqam Əhmədov
Globalinfo.az

Paylaş: