rusiya qiricilari

Rusiyanın Avropanı təhdid etməsi artan xətt üzrə gedir. Polşa, Estoniya, Macarıstan və digər Şərqi Avropa ölkələri, hətta Almaniya hava məkanı rus qırıcı təyyarələri və dronları vasitəsilə tez-tez pozulur. NATO-nun isə buna cavab verməməsi Qərb daxilində ciddi narazılıqlara, fikir ayrılıqlarına səbəb olub.

Beynəlxalq hüquqa əsasən, NATO bu təhdidlərə qarşı hava qüvvələrini havaya qaldıraraq Rusiya təyyarələrini vura bilərdi. Çexiya Prezidenti də bildirib ki, Rusiyaya məxsus MiQ-31-lər vurulmalı idi. Lakin bu addım atılmadı. Əksinə, ABŞ-da Donald Tramp səviyyəsində Rusiyanın Estoniyaya və Polşaya təhdidləri şübhə altına alındı. Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da əvvəl inkar etdiyi bu təhdidlərin sonradan üstüörtülü etirafını verdi.

Bütün bu hadisələr nə ilə izah oluna bilər? Uzun müddətdir gündəmdə olan sual yenidən aktuallaşır: ABŞ Avropanı Rusiyanın əli ilə cəzalandırır, yoxsa onu Rusiya ilə müharibəyə doğru sürükləyir?

Globalinfo.az-a danışan politoloq Natiq Miri bildirib ki, məsələ bir neçə elementdən ibarətdir:

“Avropa İttifaqı artıq qlobal iqtisadi və siyasi güc kimi ABŞ-dan daha müstəqil hərəkət etmək niyyətindədir. Bu, təhlükəsizlik sahəsinə də aiddir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də bu hədəfi açıq şəkildə dilə gətirib. ABŞ Prezidenti Donald Tramp isə Avropanı Çin və Hindistana qarşı daha yüksək gömrük rüsumları tətbiq etməyə məcbur etmək istəyirdi. Amma Aİ buna getmədi. Əvəzində Hindistanla strateji tərəfdaşlıq əlaqələrini dərinləşdirmək və iqtisadi maraqlarını qorumaq xəttini seçdi”.

Politoloq qeyd edir ki, Avropanı “cəzalandırmaq” fikri müəyyən dərəcədə mövcuddur, lakin əsas məsələ Tramp faktorudur:

“Trampın Vladimir Putinə göstərdiyi münasibət, onun Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən haqqında order verilmiş şəxs olmasına baxmayaraq, qırmızı xalça ilə qarşılanması beynəlxalq hüququn ayaqlar altına alınması demək idi. Bu, həm də ABŞ-ın NATO üzrə müttəfiqlərinə barmaq silkələməsi, onları açıq-aşkar hədələməsi anlamına gəlirdi.

Bu gün heç bir Avropa ölkəsi əmin deyil ki, qarşıdurma olacağı təqdirdə NATO-nun 5-ci maddəsi işlək olacaq. Yəni ABŞ həmin ölkələrin müdafiəsi üçün konkret addım atacaqmı bu, sual altındadır.

Avropa 450 milyonluq nəhəng bir birlik olsa da, Rusiyaya qarşı sərt mövqe nümayiş etdirəcək lider yoxdur. Nə siyasi, nə hərbi sahədə. Rusiya da bu boşluğu hiss etdiyi üçün hər dəfə Qərb geri çəkildikcə daha da irəliləyir. Artıq Kremlin iddiaları Ukrayna ilə bitmir Şərqi Avropa, Balkanlar, Cənubi Qafqaz və bütövlükdə Avrasiya onun təsir dairəsi hesab olunur.”

Politoloq qeyd edir ki, Rusiya Estoniyaya bu cür güc nümayişini onun öz ərazisi hesab etməsi ilə izah edir. Polşa və digər ölkələrin vaxtilə Varşava Paktına üzv olmaları da Kremlin bu iddialarını “əsaslandırır”:

Natiq Miri 143543

Natiq Miri

Rusiya zəifləmiş regionlara sirayət etməyə çalışır. Problem ondadır ki, Kremlin bu iddialarına uyğun imkanları yoxdur. Əgər cəsarətli bir general, beynəlxalq hüququ əsas gətirərək vaxtında Türkiyənin etdiyi kimi Rusiya qırıcısını vursaydı, bu gün Rusiya daha ehtiyatlı davranardı. Lakin bunu etmədilər, nəticədə Polşadan sonra Rumıniya və Estoniya da təhdid altına düşdü.

Bu siyahıya indi Almaniya və Macarıstan da daxil ola bilər. Vəziyyət getdikcə daha da təhlükəli xarakter alır. Burada mühüm məqam Türkiyənin vaxtilə Rusiya qırıcısını vurmasıdır.

Türkiyə hava sərhədini qorudu və Rusiya bu gün onun hava məkanını poza bilmir, çünki cavab alacağından əmindir. Bu isə birbaşa siyasətin və gücün nəticəsidir. Tramp administrasiyası isə məsələlərin bu həddə çatmasında birbaşa məsuliyyət daşıyır. ABŞ-ın Rusiya siyasəti uğursuzluğa düçar olub. Bu uğursuzluğun bədəlini isə indi bütün dünya ödəyir”.

Politoloq qeyd edir ki, Ukrayna “təbii sanksiyalar” vasitəsilə Rusiyanı iqtisadi cəhətdən zəiflətməyə başlayıb. Ənənəvi sanksiyalarla deyil, əməli addımlarla:

“Ukrayna ordusu neft istehsal edən mənbələrə zərbələr endirməklə Rusiyanı tükətməyə başlayıb. Yaxın 2-3 ay ərzində enerji daşıyıcıları, xüsusilə də neft sahəsində Rusiya ciddi çətinliklərlə üzləşə bilər.

Bundan əlavə, Ukraynanın istehsal etdiyi və 5 ton partlayıcı daşıya bilən, 2000 km məsafəyə çata bilən sualtı dronlar xüsusi əhəmiyyət daşıyır:

Krım körpüsü hazırda əsas logistik mərkəzdir. Bu körpünü hədəf almaq üçün Ukrayna həmin dronları nümayiş etdirdi. Bu, əslində Rusiya və bütün dünyaya bir mesaj idi. Təbii sanksiya budur.

Rusiya bu cür real güc qarşısında dayanmadığı müddətdə təhdid siyahısı daha da genişlənəcək.

Üçüncü Dünya müharibəsi artıq hibrid formada başlayıb. Krımın “yaşıl adamcığazlar”la işğalı zamanı atəş açılmadı. İndi eyni metodlar Şərqi Avropa və Baltikyanı ölkələrə qarşı istifadə olunur. Bu səbəbdən, Rusiya ilə yalnız onun anladığı dildə danışmağın zamanı çoxdan çatıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: