Putin foto

Macarıstan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər yenidən gərginləşib. İyulun sonlarında rəsmi Budapeşt bəyan edib ki, özünün “milli kart” miqrasiya proqramını genişləndirərək ora belarusları və rusiyalıları da daxil edəcək.

Bosniya-Herseqovina, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya və Ukrayna vətəndaşları üçün açıq olan bu sistem Macarıstanda bir neçə il işləmək imkanı verir və onun əldə olunması iş vizası almaqdan xeyli sadədir. Bu haqda Azadlıq Radiosu məlumat yayıb.

Macarıstanın milli kartı habelə onun sahibinə Avropa İttifaqı ərazisində sərbəst hərəkət imkanı yaradır. Brüsseli və Aİ-nin bir neçə başqa üzvlərini də məhz bu məqam narahat edib. Aİ Ukraynaya qarşı təcavüzə görə Rusiya və Belarus üzərinə sanksiyalar, o cümlədən bu ölkələrin 2 minədək vətəndaşına viza qadağası qoyub.

Macarıstanın bu addımı rusiyalılar və belaruslar üçün Avropa İttifaqı ərazisinə asan yol açmış olur. Aİ bunu Şengen zonası təhlükəsizliyinə hədə kimi qiymətləndirir.

Ekspertlər iddia edir ki, bununla Şərq Bloku kollektiv Qərbi faktiki parçalayır, aralarında nifaq salır. Macarıstan Aİ üzvüdür, amma Çinin, Rusiyanın yanındadır. Aİ və ABŞ isə buna qarşı mübarizə metodu tapa bilmir.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Rusiyanın Qərb blokunu parçalamağa çalışmasına dair iddialar ilk dəfə deyil ki, səslənir:

turab rzayev

Turab Rzayev

“Rusiya həqiqətən də Qərb blokunu parçalamaq istəyir. Kreml bu istiqamətdə aktiv fəaliyyət göstərir. Rəsmi Moskva ən çox Aİ və ABŞ arasında nifaq salmaq istəyir. Bir çox açıqlamasında Prezident Vladimir Putin Aİ-ni ABŞ-ın diktəsi ilə hərəkət etməkdə ittiham edib, beləcə həm də bu iki tərəfi bir-birinə düşmən etməyə çalışır. Hətta sonuncu dəfə ABŞ Almaniyada ordu yerləşdirəndə Rusiya bunu çox sərt şəkildə tənqid etmiş, Almaniyanı vassal olmaqda ittiham etmişdi.

Rusiya Aİ ilə ABŞ arasında nifaq salmaqla yanaşı həm də ittifaq daxilində narazılıq yaradır. Aİ üzvlərini üz-üzə qoyub, ittifaqı dağıtmaq istəyir. Macarıstan bu siyasətin ən mühüm tərkib hissəsidir. Rəsmi Budapeşt ittifaqın Ukraynaya birmənalı dəstəyindən narahatdır. Hətta bu dəstəyə qarşı çıxan Macarıstan bir sıra ittifaq ölkələri ilə fərqli mövqe sərgiləyir.

O ki qaldı Budapeştin bəyan etdiyi “milli kart” miqrasiya proqramını genişləndirməsinə, bu bir az qarışıq məsələdir. Yəni bunun ittifaq daxilində Rusiya və Belarus vətəndaşlarının Avropaya gəlməsində maraqlı olan qüvvələr tərəfindən edildiyi də deyilir. Bütün hallarda Budapeşt Aİ qərarlarında fərqli hərəkət edir və bu ABŞ-ın xoşuna gəlmir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: